Robert De Niro Trampın yəhudi müşavirini nasist adlandırdı
13:48 Dünya82 yaşlı məşhur aktyor, Donald Trampa qarşı kəskin mövqeyi ilə tanınan Robert De Niro yeni sərt açıqlamalarıyla diqqət çəkib.
Olaylar.az xəbər verir ki, o, Ağ Ev aparat rəhbərinin müavini Stiven Milleri Adolf Hitlerin baş təbliğatçısı Yozef Göbbelslə müqayisə edərək "nasist" adlandırıb.
MSNBC telekanalına verdiyi müsahibədə De Niro bildirib:
"O, bu kabinetin Göbbelsidir. O, nasistdir... və o, yəhudidir. Buna görə utanmalıdır".
Robert De Nironun "nasist" adlandırdığı Stiven Miller Tramp administrasiyasının ən sərt miqrasiya təşəbbüslərinin müəlliflərindən biri kimi tanınır. O, miqrantların yoxlanmasının sərtləşdirilməsi və müsəlman ölkələrinə viza qadağasının genişləndirilməsini dəstəkləmişdi.
Miller və həyat yoldaşı Keyti dəfələrlə etirazçıların hədəfinə çevriliblər. Aktivistlər onların Virciniyadakı evinin qarşısında "Stiven Miller demokratiyanı məhv edir" və "Ağ millətçiliyə yox" kimi şüarlar yazıblar. Təhdidlərdən sonra ailə evini sataraq köçmək məcburiyyətində qalıb.
De Nironun açıqlamaları ABŞ-da "No Kings" ("Kral yoxdur") şüarı altında keçirilən geniş etiraz aksiyaları fonunda səslənib. Minlərlə insan Nyu-York, Boston və Los-Anceles küçələrinə çıxaraq "Faşizmə qarşı" və "Etirazdan daha vətənpərvər heç nə yoxdur" kimi plakatlar qaldırıblar. (Musavat.com)