Gürcüstanda Qaxariya partiyası boykota son qoyub, parlamentə daxil olur – ÖZƏL

Olaylar.az xəbər verir ki, "Qaxariya Gürcüstan Uğrunda" partiyası parlament boykotuna son qoyaraq fəaliyyətə başlamaq qərarını açıqlayıb. Partiya liderlərindən Giorgi Şaraşidze brifinqdə bildirib ki, bununla 11-ci çağırış parlamentinin boykot rejimi başa çatır.

Partiyanın səlahiyyətləri dayandırılmış 12 deputatının yerinə Gela Abuladze, Cemal Ananidze, Ketevan Barakadze, Rusudan Tevzadze, Malxaz Toria, Şalva Kereselidze, Salome Kobaladze, Giqa Parulava, Vika Pilpani, Giorgi Şaraşidze, Tamar Xvedeliani və Sofio Xorquani parlamentə daxil olacaq.

Şaraşidze, bir illik boykotun hakim "Arzu" partiyasının "şər maşınını" dayandırmadığını və ölkə üçün zərərli qərarların (o cümlədən Avropa inteqrasiyasının dayandırılması, antidemosratik qanunların qəbulu) qarşısını ala bilmədiyini etiraf edib. O, boykotun müxalifəti siyasi arenadan uzaqlaşdırdığını və "Arzu"ya müqavimətsiz hərəkət etmək imkanı verdiyini qeyd edib.

Partiya lideri bildirib ki, müxalifətin siyasi prosesdən itməsi insanları rejim qarşısında müdafiəsiz qoyub və yeni siyasi məhbusların sayı artır. Buna görə də əsas məqsəd "fərqli fikirlərin xilası uğrunda mübarizə"dir. Şaraşidze hesab edir ki, parlament tribunasından istifadə etməmək "nəinki səhv, həm də ölkə və xalq qarşısında cinayətdir" və parlamentdə vətəndaşların səsi eşidilməlidir. 

Partiya bu addımla "ağıllı, mülayim və ardıcıl siyasəti" bərpa etməyi hədəfləyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31