Avropa deputatı: “Fransa artıq öz irsini necə qoruyacağını bilmir” - ÖZƏL
12:35 DünyaAvropa Parlamentinin üzvü Fransua-Ksavye Bellami Luvr muzeyində baş verən oğurluğu "tarixi uğursuzluq" adlandırıb. Onun sözlərinə görə, Fransa artıq özünün ən qiymətli xəzinələrini belə qorumağa qadir deyil.
"Bu, kral zərgərlik məmulatlarıdır - bizim tariximizin simvoludur. Təəssüf ki, bu hadisə çox asanlıqla baş verdi. Quldurlar təhlükəsizlik sistemindəki açıq-aşkar boşluqdan yararlandılar. Təhlükəsizlik tədbirləri demək olar ki, tamamilə nəzərdən qaçırılmışdı və bu səhlənkarlıq bizi bugünkü vəziyyətə gətirdi", - Olaylar.az xəbər verir ki, Bellami BFMTV telekanalına bildirib.
Deputat həmçinin bu hadisə ilə 2019-cu ildə Parisdə baş vermiş Notr-Dam kilsəsindəki yanğın arasında paralellər aparıb:
"Biz Notr-Dam kilsəsinin bərpasını gördük, amma ondan əvvəl dəhşətli bir yanğın yaşadıq. O kilsə əsrlər boyu heç vaxt yanmamışdı. Həmin faciə belə bizə dərs olmadı - səhlənkarlığın nəticələrini anlamadıq. O zaman da heç kim məsuliyyət daşımadı. Məncə, bu, ölkənin artıq öz irsini necə müdafiə edəcəyini bilməməsinin göstəricisidir."
Qeyd edək ki, Luvr muzeyində baş vermiş oğurluqdan sonra bu gün muzey ziyarətçilər üçün qismən açılıb. Lakin bəzi ekspozisiyalar müvəqqəti olaraq bağlı qalacaq.