ABŞ Qəzzada atəşkəsə nəzarəti gücləndirəcək - ÖZƏL

ABŞ hakimiyyəti Qəzza zolağında atəşkəs rejiminə və sülh planının birinci mərhələsinin əsas müddəalarının icrasına nəzarəti əhəmiyyətli dərəcədə gücləndirmək niyyətindədir. Olaylar.az xəbər verir ki, bu barədə Axios portalı Ağ Evin yüksək vəzifəli rəsmilərinə istinadən məlumat yayıb. Mənbənin bildirdiyinə görə, növbəti 30 gün vəziyyətin taleyini müəyyən edəcək. "Artıq biz Qəzzada baş verənlərə - razılaşmanın icrası baxımından məsuliyyət daşıyırıq. Qərarları biz qəbul edəcəyik", - deyə Ağ Ev rəsmilərindən biri bildirib.
Ağ Evdə hesab edirlər ki, bölgədəki atəşkəs vəziyyəti hələ də çox kövrəkdir və tərəflər razılaşmaya ciddi riayət etməsələr, "sülhün qorunması son dərəcə çətin olacaq". ABŞ administrasiyası son günlər baş verən insidentləri gözlənilən hesab edib. Axiosun məlumatına görə, insidentdən sonra ABŞ prezidentinin sülhməramlı missiyalar üzrə xüsusi nümayəndəsi Stiven Uitkoff və prezidentin kürəkəni Cared Kuşner İsrailin strateji planlaşdırma naziri Ron Dermerlə əlaqə saxlayaraq cavab tədbirlərinin "mütənasib və təmkinli" olmasına çağırıblar.
Eyni zamanda, mənbələr bildiriblər ki, əgər HƏMAS atəşkəs rejimini pozarsa, ABŞ gələcəkdə İsrailin Qəzzanın bəzi bölgələrinə nəzarəti gücləndirmə planlarını dəstəkləyə bilər.
Qeyd edək ki, oktyabrın 19-da İsrail ordusu Qəzzanın cənubundakı Rəfah şəhəri yaxınlığında baş verən atəşkəs pozuntusuna görə HƏMAS-ı ittiham edib və cavab olaraq anklavın müxtəlif hissələrinə hava zərbələri endirib. Hadisə nəticəsində iki israilli hərbçi həlak olub, biri isə ağır yaralanıb. HƏMAS isə bu insidentlə əlaqəsinin olmadığını açıqlayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31