Avropa Komissiyası noyabrda Ukraynanın Aİ-yə üzvlüyü üzrə danışıqların başlanmasını təklif edəcək - ÖZƏL
20 Oktyabr 2025 11:04 DünyaAvropa Komissiyası (AK) noyabr ayında Avropa İttifaqı (Aİ) Şurasına Ukraynanın Aİ-yə üzvlüyü üzrə danışıqlara başlamağı tövsiyə edəcək. Olaylar.az xəbər verir ki, bu barədə Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos Avropa İttifaqı Xarici İşlər Nazirlərinin görüşü öncəsi açıqlama verib. Onun sözlərinə görə, noyabrda təqdim ediləcək illik genişlənmə hesabatında Ukraynanın qanunvericiliyində aparılan islahatların ilk altı danışıqlar bölməsi üzrə təhlili başa çatdırılıb və ölkənin danışıqlara başlamaya hazır olduğu təsdiqlənəcək. "Ümid edirəm ki, biz indi dayanmayacağıq, çünki bu, Rusiyanın xeyrinə olar," - deyə Marta Kos bildirib.
Komissar həmçinin Macarıstanın 2023-cü ildən bəri Ukraynadakı macar azlığa qarşı təzyiqlər səbəbilə danışıqların başlanmasını bloklamasına da münasibət bildirib. O, Avropa Komissiyasının iki variantı nəzərdən keçirdiyini deyib: ya Macarıstanda hakimiyyət dəyişikliyini gözləmək, ya da Aİ qanunvericiliyində nəzərdə tutulmayan alternativ yollarla vetonu aradan qaldırmaq.
Qeyd edək ki, Avropa Komissiyası 2022-ci ildə Kiyevə Aİ-yə üzvlük danışıqlarının "təcili olaraq 2023-cü ildə başlanacağı" barədə vəd vermişdi, lakin bu, Macarıstanın etirazı səbəbindən baş tutmayıb.