Vans: ABŞ nümayəndəsi atəşkəsə nəzarət üçün bu həftə İsrailə səfər edə bilər - ÖZƏL
10:13 DünyaABŞ-ın vitse-prezidenti Cey Di Vans bəyan edib ki, Ağ Evin yüksək səviyyəli nümayəndələrindən biri bu həftə İsrailə səfər edəcək. Səfərin məqsədi Qəzza zolağında atəşkəs rejiminə əməl olunmasına nəzarət etməkdir. Olaylar.az xəbər verir ki, Vans bu barədə Agence France-Presse-ə açıqlamasında bildirib: "Bəlkə də bu şəxs mən özüm olaram". Onun sözlərinə görə, səfər "qarşıdakı bir neçə gün ərzində" baş tuta bilər.
Bundan əvvəl İsrailin "Kan" dövlət teleradio şirkəti məlumat vermişdi ki, yaxın günlərdə ABŞ-ın vitse-prezidenti Cey Di Vans və prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff İsrailə səfər edə bilərlər.
Qeyd edək ki, oktyabrın 19-da İsrail ordusu Fələstin radikallarının atəşkəs rejimini pozduğunu açıqlayıb. Hadisə Qəzza zolağının cənubundakı Rəfah şəhəri yaxınlığında baş verib. Məlumata görə, İsrail hərbçilərinə hücum nəticəsində iki əsgər həlak olub, biri isə ağır yaralanıb. Baş nazir Benyamin Netanyahu atəşkəsin pozulmasına görə HƏMAS hərəkatını ittiham edib və ordusuna "radikallara qarşı tədbir görmək" tapşırığı verib. Bunun ardınca İsrail ordusu Qəzza boyunca onlarla hədəfə hava zərbələri endirib. HƏMAS isə Rəfahtakı insidentlə əlaqəsinin olmadığını bildirib.