Ermənistan hakimiyyəti Konstitusiyanı pozmaqda ittiham olunur – ÖZƏL

Ermənistan hakimiyyəti Armaqaçotn yeparxiyasının rəhbəri, Ermənistan Apostol Kilsəsinin yepiskopu Mkrtyç Proşyana qarşı irəli sürdüyü ittihamla ölkə Konstitusiyasını pozmaqda ittiham olunur. 

Olaylar.az xəbər verir ki, bu barədə Ermənistan Milli Konqresi (EMK) bəyanat yayıb və partiyanın hüquq komissiyasının rəyinə istinad edib.

Cinayət işi Armaqaçotn yeparxiyasının keşişi Aram Asatryanın Ermənistan İctimai Televiziyasındakı çıxışları əsasında açılıb. O, yeparxiya rəhbərinin 2021-ci ildə onu və digər din xadimlərini müxalifətin etiraz aksiyalarında iştirak etməyə məcbur etdiyini bildirib. Şikayət isə "Məlumatlı Vətəndaşlar İttifaqı" QHT-sinin sədri Daniel İoannisyan tərəfindən Baş Prokurorluğa təqdim edilib.

Levon Ter-Petrosyanın rəhbərlik etdiyi partiyada qeyd olunub ki, Proşyana qarşı ittiham həmin vaxt qüvvəyə minməmiş Cinayət Məcəlləsinin maddəsinə əsaslanır. "Beləliklə, onu yeni redaksiyaya əsasən qiymətləndirmək Konstitusiyanın 72-ci maddəsinin kobud pozuntusudur", - bəyanatda vurğulanıb.

EMK həmçinin bildirib ki, Daniel İoannisyanın müraciətində zorakılıq və ya zorakılıq təhdidi ilə bağlı heç bir fakt yoxdur, bu isə ittiham üçün əsas sayıla bilməz. Partiya bəyan edib ki, hökumət yepiskopa qarşı ittiham irəli sürməklə Konstitusiyanı kobud şəkildə pozub, İoannisyan isə "hakimiyyətin əsas donosçusu və dezinformasiya yayan şəxsi" kimi çıxış edib.

Xatırladaq ki, oktyabrın 15-i səhər saatlarında hüquq-mühafizə orqanları yepiskop Mkrtyç Proşyanın evində axtarış aparıb. O, daha 12 nəfərlə birlikdə saxlanılıb. Sonradan Proşyan da daxil olmaqla üç nəfərin həbsi barədə məlumat verilib. Onlara seçki hüququnun pozulması və insanların aksiyalarda iştirakına məcbur etmə ittihamları irəli sürülüb. Axtarış zamanı medallar, pullar, yanacaq qəbzləri və diplomatik pasport kimi sübutlar ələ keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31