ABŞ avtomobil istehsalçıları üçün tarif güzəştlərinin müddətini uzadır- ÖZƏL

ABŞ administrasiyası ölkənin bir sıra iri avtomobil istehsalçıları üçün tariflərin yumşaldılması proqramının müddətini uzadacağını açıqlayıb. Olaylar.az xəbər verir ki,  NBC News-un məlumatına görə, bu barədə Ağ Ev cümə günü məlumat yayıb.
Prezident Donald Trampın administrasiyası həmçinin ağır yük avtomobilləri və avtobuslara tətbiq olunacaq yeni tariflərin detalları barədə də açıqlama verib. Xatırladaq ki, Tramp aprelin sonunda avtomobil və ehtiyat hissələrinə qarşı qarşılıqlı tariflərin tətbiqinin qarşısını alan sərəncam imzalamışdı. Bu qərar Şimali Amerika avtomobil istehsalçılarını zərərdən qorumağa yönəlmişdi.
Yeni qərara əsasən, bəzi avtomobil istehsalçıları üçün tətbiq edilən tarif kompensasiyası proqramının müddəti iki ildən beş ilə qədər uzadılıb. Ağ Evdən bildirilib ki, əsas məqsəd ABŞ-da avtomobil istehsalını genişləndirmək və amerikalılar üçün yüksək maaşlı iş yerləri yaratmaqdır. Avtomobil sənayesində bəzi hissələr və komponentlər Meksika və Kanadada yığılır, daha sonra isə ABŞ-a gətirilərək son tamamlanma prosesi həyata keçirilir. Bu səbəbdən hissələr bir neçə dəfə sərhədi keçdiyi üçün əlavə tariflər yaranır.
Ford şirkətinin baş direktoru Cim Farli bildirib ki, şirkətin məqsədi "tariflərin sadələşdirilməsi"dir. Ford hazırda ABŞ-da "böyük üçlük" arasında ən çox avtomobil istehsal edən şirkətdir. Buna baxmayaraq, şirkət 2025-ci ildə tarif xərclərinin təxminən 2 milyard dollar olacağını gözləyir.
Ağ Ev rəsmiləri qeyd ediblər ki, yeni proqram ABŞ-da yeni istehsal müəssisələri quran avtomobil şirkətlərinə yerli əmək bazarından istifadə etməklə rəqabətqabiliyyətli istehsal imkanı yaradacaq.
Sentyabrın sonunda Tramp digər ölkələrdə istehsal olunan "bütün iri yük avtomobilləri"nə 25 faiz idxal rüsumu tətbiq ediləcəyini bəyan etmişdi. Bu qərarın 1 oktyabrdan qüvvəyə minməsi planlaşdırılsa da, rəsmən elan olunmamışdı. Daha sonra prezident açıqladı ki, tariflər 1 noyabrdan tətbiq olunacaq.
Bununla yanaşı, 1 noyabrdan etibarən ABŞ 10 faiz idxal tarifi də avtobuslara - o cümlədən məktəb və şəhərlərarası avtobuslara tətbiq edəcək. Meksika və Kanadadan idxal olunan nəqliyyat vasitələri isə USMCA (Şimali Amerika Azad Ticarət Razılaşması) çərçivəsində güzəştli rejimdən yararlanacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31