El País”: Budapeşt sammiti Avropa İttifaqı üçün “siyasi kabus” adlandırılır - ÖZƏL

Olaylar.az xəbər verir ki, İspaniyanın "El País" qəzeti Avropa İttifaqındakı bir neçə mənbəyə istinadən yazır ki, Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında Budapeştdə planlaşdırılan görüş Aİ üçün "siyasi kabus" kimi qiymətləndirilir.
Nəşrin məlumatına görə, bu sammitin keçirilməsi "Avropaya qarşı hörmətsizlik" kimi qəbul olunur və həm Aİ, həm də NATO rəhbərliyini narahat və utandırıcı vəziyyətə salır. Brüsseldə rəsmi dairələr bildiriblər ki, görüş Ukraynada münaqişənin həlli istiqamətində irəliləyişə səbəb olarsa, "faydalı" sayıla bilər. Lakin qəzetin yazdığına görə, Aİ daxilində bir çox mənbələr bu sammiti "siyasi kabus" adlandırır və onun Putin üçün diplomatik qələbəyə çevrilə biləcəyini istisna etmirlər.
Xatırladaq ki, oktyabrın 16-da Putin və Tramp bu ilin əvvəlindən bəri səkkizinci telefon danışığını həyata keçiriblər. 2,5 saat davam edən söhbətdən sonra Rusiya liderinin köməkçisi Yuri Uşakov bildirib ki, Moskva və Vaşinqton iki ölkə liderlərinin növbəti görüşünə dərhal hazırlığa başlayıb.
Uşakovun sözlərinə görə, Budapeşt variantını Tramp təklif edib, Rusiya Prezidenti isə bu ideyanı dəstəkləyib. Daha sonra Tramp görüşün iki həftə ərzində baş tuta biləcəyini açıqlayıb. Macarıstanın Baş naziri Viktor Orban isə sammitə hazırlıq üzrə təşkilat komitəsinin yaradılması barədə göstəriş verib və işlərin "cümə axşamı axşamından" başladığını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31