Tramp Zelenskini tərksilah etdi – Avropa liderləri heyrət və sarsıntı içində
10:23 DünyaOlaylar.az Musavat.com-a istinadən xəbər verir ki, Ukrayna Prezident Administrasiyası Zelenskinin Vaşinqtondan Avropa liderlərinə etdiyi zənglərin təfərrüatlarını açıqlayıb. Axios nəşri yazır ki, bir çox Avropa liderləri ABŞ Prezidenti Donald Trampın görüşdə nümayoş etdirdiyi gözlənilməz mövqeyindən və sərt tonundan heyrətə gəliblər.
Zelenski Trampla danışıqlardan sonra Finlandiya prezidenti Aleksandr Stubb, Böyük Britaniya baş naziri Kir Starmer, Almaniya kansleri Fridrix Merts, İtaliya baş naziri Corca Meloni, Norveç baş naziri Yonas Gar Stere, Polşa baş naziri Donald Tusk, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen, Avropa Şurasının prezidenti Antoniu Koşta və NATO baş katibi Mark Rütte ilə telefon əlaqəsi saxlayıb.
Prezident Aparatının məlumatına görə, Zelenski həmkarlarına Tramp ilə "səmərəli və uzun" görüş keçirdiyini bildirib. Görüşdə hava hücumundan müdafiə, təhlükəsizlik təminatları və digər hərbi ehtiyaclar müzakirə olunub. Zelenski sonrakı brifinqdə "PURL proqramı"nın da danışıqlarda gündəmdə olduğunu vurğulayıb.
Aparatın açıqlamasında deyilir ki, "liderlər mövqelərini uzlaşdırıblar və milli təhlükəsizlik müşavirlərinin növbəti addımlar barədə danışıqlar aparması barədə razılığa gəliblər".
Axiosun məlumatına görə, Trampla Zelenskinin görüşü "gərgin və sərt" atmosferdə keçib. Ukrayna lideri Vaşinqtondan "Tomoqavk" raketlərinin verilməsini israrla tələb edib, lakin Tramp "indi diplomatiya vaxtıdır" deyərək silah tələbinə açıq şəkildə qarşı çıxıb. Bu, Avropa paytaxtlarında ciddi narazılıq yaradıb.
Görüşdən sonra Kir Starmer, Fridrix Merts, Aleksandr Stubb və Antoniu Koşta sosial şəbəkələrdə Ukraynaya dəstəyi yenidən bəyan ediblər. Starmer bildirib ki, "Britaniya Ukraynaya hərbi yardımını davam etdirəcək, çünki ədalətli və dayanıqlı sülh vacibdir". Merts də "real sülh planının" zəruriliyini vurğulayıb. Stubb qeyd edib ki, "bu müharibənin bitməsini ukraynalılardan çox heç kim istəmir", Koşta isə Avropa İttifaqının Rusiyaya təzyiqləri artırmaq və Kiyevə dəstəyi gücləndirmək niyyətində olduğunu açıqlayıb.
Mənbənin yazdığına görə, Kir Starmer Trampla telefon danışığında ABŞ-la birlikdə Ukrayna üçün "Qəzza planına bənzər" sülh təşəbbüsü üzərində işləməyi təklif edib. NATO baş katibi Mark Rütte isə yaxın günlərdə milli təhlükəsizlik müşavirlərinin təcili əlaqə saxlamasını təklif edib.