Misir yaralıların Qəzzadan niyə çıxarıla bilmədiyini açıqlayıb - ÖZƏL
10:03 DünyaMisir hakimiyyəti Qəzzadakı yaralı və xəstələrin evakuasiyasının hələlik mümkün olmadığını açıqlayıb. Olaylar.az xəbər verir ki, bu barədə TASS-a açıqlamasında Şimali Sinay vilayətinin qubernatoru Xalid Muqavir məlumat verib. Onun sözlərinə görə, Fələstin hərəkatı HƏMAS İsrailə bütün həlak olmuş girovların cəsədlərini qaytarmadan Qəzzadan xəstələrin və yaralıların çıxarılması mümkün deyil: "Mən düşünmürəm ki, HƏMAS bütün israilli girovların cəsədlərini tapıb təhvil vermədən xəstələri və yaralıları evakuasiya edə biləcəyik", - deyə qubernator bildirib.
Muqavir əlavə edib ki, evakuasiya üçün şərait yarandıqda Qəzzadan çıxarılan xəstələr Şimali Sinaydakı xəstəxanalarda yerləşdiriləcək, vəziyyətlərinə görə bəziləri isə digər vilayətlərə və ya paytaxta göndəriləcək.
Qubernator həmçinin qeyd edib ki, Misir və Qəzza arasındakı "Rəfah" sərhəd-keçid məntəqəsinin Fələstin tərəfində təhlükəsizliyə Fələstin Milli Administrasiyası və Avropa İttifaqı missiyasının əməkdaşları nəzarət edəcək.
Xatırladaq ki, oktyabrın 13-də HƏMAS və onun tərəfdarları sülh razılaşması çərçivəsində sağ qalan 20 israilli girovu azad edib. Eyni gün axşam Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə İsrail tərəfinə 4 girovun cəsədi təhvil verilib. İsrail Müdafiə naziri İsrael Kats bu prosesi "razılaşmadan kənara çıxmaq" adlandıraraq, HƏMAS-ın ləngiməsinin nəticələri olacağı barədə xəbərdarlıq edib. Sonrakı günlərdə daha 7 girovun cəsədi qaytarılıb. Ümumilikdə beş gün ərzində İsrail tərəfi 11 cəsədi təhvil alıb. Onlardan 9-nun şəxsiyyəti müəyyənləşdirilib və ailələrinə dəfn üçün verilib. İsrail Milli Məhkəmə-Tibbi Ekspertiza İnstitutu isə bir cəsədin kimliyini müəyyənləşdirə bilmədiyini açıqlayıb.