Ford ABŞ-da 625 min avtomobili təhlükəsizlik səbəbindən geri çağırır - ÖZƏL
16:52 DünyaABŞ-ın avtomobil istehsalçısı Ford təhlükəsizlik kəməri və arxa kamera monitoru ilə bağlı problemlər səbəbindən ölkədə təxminən 625 min avtomobili geri çağıracaq. Olaylar.az xəbər verir ki, u barədə məlumatı Reuters agentliyi ABŞ-ın Milli Yol Təhlükəsizliyi İdarəsinə (NHTSA) istinadən yayıb. Məlumata görə, geri çağırışa 332 mindən çox Mustang modeli daxildir ki, bu avtomobillərdə təhlükəsizlik kəmərlərində problem aşkarlanıb. Həmçinin, F-250, F-350 və F-450 modellərinə aid 292 mindən çox pikap arxa kamera monitorunun işləməməsi səbəbindən geri çağırılır. NHTSA bildirir ki, Ford dilerləri Mustang avtomobillərində təhlükəsizlik kəmərlərini yoxlayacaq və lazım gəldikdə qüsurlu hissələri dəyişdirəcəklər. Pikaplarda isə park sisteminin işləməsindəki nasazlığı aradan qaldırmaq üçün görüntü emalı modulunun proqram təminatı pulsuz olaraq yenilənəcək.
Qeyd edək ki, bundan əvvəl Ford ABŞ-da 2020-2021-ci illərdə istehsal edilmiş F-250, F-350 və F-450 modellərinə aid 115,5 min avtomobili sükan sistemi nasazlığı səbəbindən geri çağırmışdı. Həmin qüsur sükan kolonkasının yuxarı oxunun ayrılmasına və nəzarətin itirilməsinə səbəb ola bilərdi.