Bir bank nə qədər böyüyə bilər?-Özl
10:14 İqtisadiyyatİqtisadiyyat bunu necə həzm edə bilər?
"ABŞ-də aralıq seçkilərdə Respublikaçılar Partiyasının məğlubiyyəti gözlənilirdi. Amma bu qədər fərqlə məğlubiyyət ciddi siqnallar verir. Böyük ehtimalla ABŞ öncəki strateji xəttinə qayıdacaq. Amma hər şey öncəki kimi də olmayacaq". Olaylar xəbər verir ki, bunu iqtisadçı ekspert Elman Sadıqov deyib: "Daha böyük ehtimalla bu qayıdış daha aqressiv və bir az da hesablaşma xarakterli olacaq.
Dövlətimiz siyasi kursun müəyyən olunması məqsədilə keçirəcəyi senari stres testlərdə gücləndirici və ötürücü əmsalları daha çox tətbiq edəcəyini düşünürəm. Qardaş Türkiyənin də öz strateji kursuna yenidən baxacağına şübhə etmirəm. Nəzərə alırıq ki, ABŞ tarixində seçilən ilk müsəlman senator da təəssüf ki, erməni lobbisinin nümayəndəsidir və ölkəmizə, türk dünyasına qarşı xeyli aqressiv fikirlər səsləndirib. Cavab gözləyən ən önəmli strateji suallardan biri budur: "Öncə türk birliyi, yoxla müsəlman birliyi?"
İqtisadiyyat sahəsində də iqtisadiyyata birbaşa təsir imkanları Mərkəzi Bankın özündən deyil, iqtisadi amillər səbəbindən minimuma enən monetar siyasəti genişləndirici fiskal siyasət daha aktiv formada əvəz edə bilər. Monetar siyasət bundan sonra hətta müdaxilə etməyə cəhd etsə bu cəhd iqtisadiyyatda əks effekt yarada bilər. Onsuz da Mərkəzi Bank izafi valyuta təklifini sterilizasiya etmək məqsədilə dövriyyəyə buraxdığı manatın inflyasiyaya təzyiqini minimallaşdırmaq üçün kifayət qədər addımlar atmağa çalışır. Pul kütlələri (M0, M1, M2 və M3) arasındakı nisbətlərdə də narahatedici məqamlar var. 3 il öncəki podkastda qeyd etdiyim proqnozlar özünü doğruldur və nisbətlər də təəssüf ki, artmaqda davam etmişdir. Bank sektorundakı izafi likvidliyin isə iqtisadiyyat tərəfindən biznes kredit tələblərinin artması vasitəsilə yumşaldılması ən böyük gözləntilərdəndir. Lakin, bunun üçün də bir çox addımların atılması vacibdir.
Bank sektorunun və ayrı-ayrı bankların böyümə istəyi və tendensiyası isə müəyyən faktorlara bağlıdır. Bank sektorunun ÜDM-yə nisbəti, ən böyük bir bankın ÜDM-yə, bank sektoruna nisbəti və sair əmsallar önəmli göstəricilərdir. Bir bank nə qədər böyüyə bilər? İqtisadiyyat bunu necə həzm edə bilər? Həzm etməsə böyüyən bank yenidən kiçildikdə hansı fəsadlar verə bilər və sair məsələlərlə bağlı maraqlı və nəzərə alınmalı məqamlar var.
Gömrük siyasətinin nəhayət büdcə doldurma siyasətindən həqiqətən özünün klassik gömrük siyasətinə keçidinin zamanının gəldiyini düşünürəm. Bu artıq qaçılmaz zərurətə çevrilməkdədir.
Fiskal siyasətin iqtisadi inkişaf və genişlənmə istiqamətində atacağı addımların (artıq 2027-ci ilin büdcəsində investisiya qoyuluşları istiqamətində konkret addımlar atılır) iqtisadiyyat tərəfindən doğru absorbsiyası və atılacaq addımlara adekvat reaksiyası vacibdir.
Böhranları araşdırarkən təsbit etdiyim maraqlı ortaq bir cəhət var. Hər hansı bir sahədə yaranan bir qara çevrə, çatışmazlıqlar digər sahələrə təsir edir. Həmin sahələrdə də çevrələr yaranmağa başlayır. Bu çevrələr informasiya gizlədilməsi, bəzən etinasızlıq, bəzən də dövlətə xəbər vermədən qurumlar səviyyəsində həll edilməyə çalışılır. Lakin, böyüyən bu çevrələr nəhayət birləşir və iqtisadiyyatı udan və əridən böyük bir Qara Dəliyə çevrilir.
Ölkəmizin bir sıra maliyyə göstəriciləri (strateji valyuta ehtiyatları, bank sektorundakı izafi likvidlik, xarici və daxili dövlət borclarının ÜDM-yə minimuma yaxın nisbətləri və digər) hazırda istənilən boşluğu, çevrəni vaxtında bağlamağa imkan verir. Yaxın 1-3 il ərzində bu imkanlardan istifadə edəcəyimizə şübhə etmirəm.
Resurs iqtisadiyyatlarında resurslar azaldıqda düşülən ən böyük tələ odur ki, iqtisadiyyat aktiv olmayan və ya geri qalan sahələri inkişaf etdirməkdən daha çox müəyyən dərəcədə işləyən və irəli getməyə çalışan sahələrdən daha çox mənfəət götürməyə çalışır. Bu ciddi strateji səhv isə böyük fəsadlar və əks effektlər verir".