Azərbaycan və Ukrayna iqtisadi əməkdaşlığın inkişafı üzrə Fəaliyyət Planı qəbul edib
10:04 EnergetikaAzərbaycan və Ukrayna iqtisadi əməkdaşlığın inkişafı üzrə Fəaliyyət Planı qəbul edib.
Energetika Nazirliyindən verilən məlumata görə, Ukraynanın Ujqorod şəhərində Azərbaycan Respublikası ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiyanın 14-cü iclası keçirilib.
Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazovun və Ukraynanın Baş nazirinin birinci müavini, energetika naziri Denis Şmıqalın həmsədrliyi ilə keçirilən iclasda iki ölkə arasında siyasi münasibətlər, ticarət-iqtisadi, investisiya, enerji, nəqliyyat, texnologiya və innovasiya, mədəniyyət, elm və təhsil, turizm və digər sahələrdə əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.
Azərbaycan-Ukrayna münasibətlərinin strateji tərəfdaşlığa və qarşılıqlı etimada əsaslanan möhkəm siyasi təməl üzərində inkişaf etdiyini vurğulayan energetika naziri Pərviz Şahbazov bildirib ki, mürəkkəb regional şəraitə baxmayaraq, iqtisadi əlaqələr müsbət dinamikanı qoruyur. Cari ilin səkkiz ayında ticarət dövriyyəsi 10,5 faiz, Azərbaycanın Ukraynaya ixracı isə 17 faiz artıb. Qarşılıqlı investisiyaların ümumi həcmi 513,5 milyon ABŞ dollarına çatıb. Azərbaycanda Ukrayna investisiyalı 290 kommersiya qurumu fəaliyyət göstərir.
İclasda bərpa olunan enerji, enerji səmərəliliyi, enerji saxlama texnologiyaları, istilik nasosları və elektrik enerjisi sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları dəyərləndirilib. "Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi"nin inkişafının regional enerji bağlantıları baxımından əhəmiyyəti vurğulanıb. İqtisadi əməkdaşlığın prioritet istiqamətləri üzrə birgə layihələrin vacibliyi qeyd edilib.
Azərbaycanın Ukraynaya humanitar və bərpa dəstəyi də müzakirə edilib. Bildirilib ki, müharibənin başlanmasından indiyədək Azərbaycanın humanitar, reabilitasiya və bərpa yardımlarının ümumi həcmi təxminən 52 milyon ABŞ dollarına çatıb. Enerji infrastrukturuna avadanlıq yardımları, İrpin şəhərində sosial obyektlərin bərpası, ukraynalı uşaqların reabilitasiyası sahəsində dəstək tədbirləri barədə məlumat verilib.
Baş nazirinin birinci müavini, energetika naziri Denis Şmıqal isə Azərbaycanla strateji tərəfdaşlığın və iqtisadi əməkdaşlığın inkişafına böyük önəm verdiklərini bildirib. Azərbaycanın Ukraynaya davamlı dəstəyini yüksək qiymətləndirən nazir Azərbaycana göstərilən həmrəyliyə və yardımlara görə təşəkkürünü ifadə edib. Qeyd olunub ki, Azərbaycanın indiyədək təqdim etdiyi 10-dan çox enerji yardımı paketi çərçivəsində Ukraynaya çatdırılmış zəruri avadanlıqlar enerji təchizatının bərpasında mühüm rol oynayır.
Müzakirələrdən sonra Hökumətlərarası Komissiyanın iclasının yekunlarına dair Protokol imzalanıb. Həmçinin 2026-2027-ci illər üçün 14 istiqamət üzrə tədbirləri əhatə edən Fəaliyyət Planı qəbul edilib.
İclas çərçivəsində Azərbaycan-Ukrayna Biznes Dəyirmi Masası da təşkil olunub. Dəyirmi Masada çıxış edən energetika naziri Pərviz Şahbazov bildirib ki, iki ölkə arasında iqtisadi əməkdaşlığın gücləndirilməsində özəl sektorun və birgə investisiyaların mühüm rolu var. Azərbaycanın əlverişli investisiya mühiti, Ələt Azad İqtisadi Zonası, sənaye parkları, nəqliyyat və rəqəmsal bağlantıları birgə istehsal və regional bazarlara çıxış üçün geniş imkanlar yaradır. Enerji və enerji səmərəliliyi, həmçinin aqrar-sənaye, qida emalı, logistika və sənaye kimi sahələr perspektivli əməkdaşlıq istiqamətləri kimi qeyd edilib. Ukraynanın sənaye parkları, dövlət-özəl tərəfdaşlığı və bərpa layihələrində Azərbaycan şirkətlərinin iştirakı perspektivlərinə də toxunulub. Səfər çərçivəsində külək turbinləri istehsalı sahəsinə və Xust Sənaye Parkındakı ATEF müəssisəsinə baş çəkilib və bu obyektlərin fəaliyyəti ilə tanış olunub.