“Mediatorların peşə bacarıqlarının təkmilləşdirilməsi” mövzusunda seminar keçirilib-Özəl
10:16 Sosial5 noyabr 2026-cı il tarixində Avropa İttifaqı və Avropa Şurasının "Yaxşı İdarəçilik üçün Tərəfdaşlıq" birgə proqramının üçüncü mərhələsi (PGG III) çərçivəsində həyata keçirilən "Azərbaycanda mediasiyanın təşviqi" layihəsi üzrə mediatorlar üçün "Mediatorların peşə bacarıqlarının təkmilləşdirilməsi" mövzusunda ikigünlük seminarın ilk günü keçirilib. Olaylar xəbər verir ki, seminarın açılışında Mediasiya Şurası İdarə Heyəti sədrinin müşaviri Əli Fərzəliyev (Ali Farzaliyev), Avropa İttifaqının nümayəndəsi Məryəm Hacı-İsmayılova və Avropa Şurasının Bakı Ofisinin layihə koordinatoru Vəfa Rövşənova çıxış ediblər.
Çıxışlarda layihənin mediasiya institutunun inkişafı, mediatorların peşəkar potensialının artırılması və mediasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsi baxımından əhəmiyyəti vurğulanıb.
Seminarın əsas məqsədi mediatorların peşəkar bilik və bacarıqlarının inkişaf etdirilməsi, mediasiya prosesinin daha səmərəli təşkili, tərəflərlə effektiv ünsiyyətin qurulması və mübahisələrin qarşılıqlı razılıq əsasında həllinə nail olunması istiqamətində praktiki yanaşmaların təkmilləşdirilməsidir.
Seminarın təlimçiləri qismində Mediasiya Şurasının üzvü, Bakı 3 saylı Mediasiya Təşkilatı direktoru Paşa Səfərov və Mediasiya Şurasının üzvü, Bakı 18 saylı mediasiya təşkilatının direktoru Sadiq Bağırov çıxış ediblər.
Seminarın ilk günündə mediasiya prosesinin başlanması, mediatorun ilkin prosessual addımları, mediasiya hərəkət planının hazırlanması, açılış iclasına hazırlıq və mediatorun peşəkar etikası ilə bağlı məsələlər ətraflı müzakirə olunub. Mövzuların daha dərindən mənimsənilməsi məqsədilə iştirakçılar üçün praktiki tapşırıqlar və rol oyunları da təşkil edilib.
Proqram çərçivəsində, həmçinin ilk açılış iclasının idarə olunması, masaya qədərki mərhələdə davranış modelləri və mediatorun mövqeyi, prosessual qaydaların tətbiqi, tərəflərin məlumatlandırılması və ilk görüşün effektiv idarə olunması üzrə mediatorun taktikasına dair praktiki yanaşmalar təqdim edilib.
Bununla yanaşı, tərəflər arasında təkliflərin artırılması, mümkün həll variantlarının qiymətləndirilməsi, mediatorun bu mərhələdə həyata keçirdiyi hərəkətlər, barışığa nailolma üsulları və mediasiya prosesinin yekunlaşdırılması məsələlərinə toxunulub.
Günün sonunda Avropa Şurasının Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) mediasiya sahəsində hazırladığı metodiki vəsaitlər və rəhbər prinsiplər, o cümlədən mediasiya bacarıqlarının inkişafı, mediasiya üzrə normayaratma, ailə mediasiyasında uşaqların iştirakı və mübahisələrin onlayn alternativ həlli ilə bağlı materiallar iştirakçıların diqqətinə çatdırılıb.
Seminar noyabrın 6-da öz işini davam etdirəcək.