Türkiyədə ŞOK əməliyyat - masonların rəhbəri istintaqa cəlb olundu
16:31 Dünyaİstanbul Baş Prokurorluğu tərəfindən aparılan "Can Holding" istintaqı çərçivəsində yeni əməliyyat həyata keçirilib.
Olaylar.az "Sabah" qəzetinə istinadən xəbər verir ki, əvvəllər ev dustaqlığı qərarı verilmiş iş adamı Kenan Tekdağın da aralarında olduğu 35 nəfər haqqında həbs qərarı çıxarılıb.
Şirkət ofislərində və yaşayış ünvanlarında aparılan axtarışlar zamanı çoxsaylı rəqəmsal materiallar, dəyərli sənədlər ələ keçirilib. 3 şübhəlinin isə ölkə xaricində olduğu müəyyənləşdirilib.
"Can Holding" barəsində cinayət törətmək məqsədilə təşkilat yaratmaq və idarə etmək, həmin təşkilata üzv olmaq, dələduzluq, Vergi Məcəlləsinə zidd hərəkət, yanacaq qaçaqmalçılığı və cinayətdən əldə edilmiş gəlirləri yuma ittihamları üzrə genişmiqyaslı istintaq aparılır.
Ticarət Nazirliyinin Gömrük Mühafizəsi Baş İdarəsinin Yanacaq üzrə Xüsusi Qrup Şöbəsi tərəfindən 17.02.2022 tarixli və 2022/4 saylı hesabat əsasında aparılan araşdırmalar zamanı "Can Holding"ə daxil olan enerji, texnologiya və istehlak malları sektorlarında fəaliyyət göstərən çoxsaylı şirkətlərin saxta fakturalar tərtib edərək vergi qaçaqçılığı yolu ilə qanunsuz gəlir əldə etdikləri barədə sübutlar aşkarlanıb.
Toplanmış məlumatlara əsasən, holdinqə məxsus "Enerji Petrol Ürünleri A.Ş." və onun alt-bayiləri vasitəsilə faktiki mal dövriyyəsi olmayan, lakin yüksək məbləğli əməliyyatlar həyata keçirilib. Bu əməliyyatların fiziki yanacaq qaçaqçılığı deyil, qeyri-rəsmi faktura zənciri vasitəsilə vergi yayındırmaq və qanunsuz qazanc əldə etmək məqsədi daşıdığı müəyyən edilib.
Maliyyə Təhlili Mərkəzinin (MASAK) hesabatında göstərilib ki, "Can Holding" və ona bağlı 121 şirkətin 2020-2021-ci illərdəki bank hesablarında ümumi məbləği 88 milyard lirə olan mənşəyi bilinməyən maliyyə əməliyyatları qeydə alınıb.
Bu çərçivədə 16 nəfər və 121 şirkətə məxsus əmlaklara məhkəmə qərarı ilə həbs qoyulub.
İstintaqın davamı olaraq yeni hesabat və sübutlar əsasında, təşkilat strukturu daxilində aktiv rol oynadıqları müəyyən edilən 35 nəfər barəsində əməliyyat keçirilib.
Saxlanılan 26 nəfərin arasında - əvvəllər ev dustaqlığına məhkum edilmiş "Can Yayın Holding" Media İdarə Heyətinin sədri Kenan Tekdağ, "Binsat Holding"in rəhbərləri Arafat Bingöl və Cengiz Bingöl, "Hür və Qəbul Edilmiş Masonlar Lojasının Böyük Üstadı" və Bilgi Universitetinin keçmiş rektoru Remzi Sanver, həmçinin "Can Holding" sahiblərindən Şakir Can və Murat Canın həyat yoldaşları Betül Can və Zühal Can da var.