Orban: “Putin və Trampın Budapeştdəki görüşünə hazırlıq tam sürətlə gedir” - ÖZƏL

Macarıstanın baş naziri Viktor Orban Rusiya prezidenti Vladimir Putinlə telefon danışığından sonra Rusiya və ABŞ liderlərinin Budapeştdə keçirilməsi planlaşdırılan görüşünə hazırlıqların tam sürətlə davam etdiyini bildirib. Olaylar.az xəbər verir ki, "Rusiya prezidenti ilə danışıq baş tutdu. Hazırlıq tam sürətlə gedir!", - Orban "Facebook" hesabında yazıb.
O, həmçinin qeyd edib ki, oktyabrın 16-da ABŞ  prezidenti Donald Tramp ilə telefon söhbətindən dərhal sonra sammitin təşkili üçün təşkilat komitəsinin yaradılması barədə göstəriş verib. "Ən vacib vəzifələri müəyyən etdik və işlər artıq başlayıb," - deyə Macarıstan baş naziri əlavə edib.
Xatırladaq ki, oktyabrın 16-da Tramp Vladimir Putinlə telefon danışığından sonra yaxın vaxtlarda Budapeştdə görüşəcəklərini açıqlamışdı. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov da təsdiqləyib ki, Moskva və Vaşinqton sammitin təşkili istiqamətində işə dərhal başlayacaq. Onun sözlərinə görə, bu, "həqiqətən çox vacib bir an"dır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31