Ermənistan ombudsmanının əməkdaşları saxlanılan keşişlərlə bağlı İstintaq Komitəsinə yollanıb – ÖZƏL
15:06 DünyaErmənistanın İnsan Hüquqları Müdafiəçisinin (Ombudsman) ofisinin əməkdaşları keşişlərin saxlanılmasından sonra ölkənin İstintaq Komitəsinə gedib.
Olaylar.az xəbər verir ki, bu barədə Ermənistanın İnsan Hüquqları Müdafiəçisi Anahit Manasyan sosial şəbəkədə məlumat verib.
Manasyanın sözlərinə görə, oktyabrın 15-də sosial şəbəkələrdə və KİV-də bir qrup din xadiminin saxlanılması barədə xəbərlər yayılıb. Həmçinin, onların maraqlarını təmsil edən vəkil ombudsman ofisinin "qaynar xəttinə" zəng edib.
Manasyan qeyd edib: "İnsan Hüquqları Müdafiəçisinin tapşırığı ilə operativ reaksiya qrupu həmin şəxslərin hüquqlarının təmin edilib-edilmədiyini və hansı əsasla saxlanıldığını yerində öyrənmək üçün İstintaq Komitəsinə yola düşüb."
Qeyd edək ki, oktyabrın 15-i səhər saatlarında Araqatsotn yeparxiyasının rəhbəri Yepiskop Mkrtiç Proşyan da daxil olmaqla, altı din xadiminin saxlanıldığı məlum olub. İstintaq Komitəsi onların "toplantının keçirilməsinə mane olma və ya ona məcbur etmə, yaxud iştiraka məcbur etmə" halları ilə bağlı cinayət işi çərçivəsində saxlanıldığını bildirib.
Saxlanılan keşişlərin müdafiə tərəfi hesab edir ki, bu, Araqatsotn yeparxiyasının keşişi Aram Asatryanın bəyanatları əsasında açılmış cinayət işi ilə əlaqədardır. Keşiş Asatryan daha əvvəl İctimai Televiziyaya verdiyi müsahibədə yeparxiya rəhbərinin onu və digər keşişləri 2021-ci ildə müxalifətin etiraz aksiyalarında iştirak etməyə məcbur etdiyini söyləmişdi. Sonradan məlum olub ki, hakimiyyətyönlü nəşrlərdən biri onun bəyanatları əsasında cinayət işinin açılması üçün Baş Prokurorluğa müraciət edib. Öz növbəsində, "Məlumatlı Vətəndaş" təşkilatının (Qərb qrantları hesabına maliyyələşir) rəhbəri Daniel İoannisyan bildirib ki, onların təkidilə keşiş Aram Asatryanın bəyanatları əsasında araşdırma başlanılıb, çünki Ermənistan qanunvericiliyi toplantılarda və mitinqlərdə iştiraka məcbur etməyi qadağan edir.