Tramp Qəzzadan sonra Ukraynada sülh əldə olunacağına nikbin yanaşır - ÖZƏL
15:05 DünyaABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdə girovların azad olunmasından sonra Ukraynada sülhün əldə olunması imkanlarına nikbin baxır. Olaylar.az xəbər verir ki, bu barədə Politico nəşri Ağ Evin nümayəndəsinə istinadən məlumat yayıb. "Prezident Tramp uzun müddətdir Rusiya və Ukrayna arasındakı müharibəyə son qoymaq istəyini ifadə edib. Necə ki, o, girovların azad olunmasına və İsraillə HƏMAS arasında müharibənin dayandırılmasına nail olub. Prezident bu məsələdə nikbinliyini qoruyur", - deyə nəşr Trampın sözlərini sitat gətirib. ABŞ Prezidenti bundan əvvəl Ukrayna böhranının həllinə dair inamını ifadə etsə də, bunun gözlədiyindən daha çətin olduğunu etiraf edib.
Xatırladaq ki, sentyabrın 9-da Ağ Ev Trampın Qəzza zolağında münaqişənin nizamlanmasına yönəlmiş "əhatəli plan"ını təqdim etmişdi. 20 maddədən ibarət sənəd Qəzzada müvəqqəti xarici idarəetmənin tətbiqini və beynəlxalq sabitləşdirmə qüvvələrinin yerləşdirilməsini nəzərdə tutur.
Oktyabrın 9-da Tramp bəyan edib ki, İsrail və HƏMAS nümayəndələri Misirdə keçirilən danışıqların nəticəsi olaraq sülh planının birinci mərhələsi barədə razılığa gəliblər.
Oktyabrın 13-də isə HƏMAS və ona dəstək verən radikal qruplar atəşkəs razılaşması çərçivəsində 20 israilli girovu azad edib və dörd nəfərin cəsədini təhvil verib. Əvəzində İsrail 1 968 fələstinlini - o cümlədən ömürlük və ya uzunmüddətli həbs cəzası çəkən 250 nəfəri azadlığa buraxıb.