Fon der Leyen: Serbiya Rusiyaya qarşı sanksiyalara qoşulmadan Aİ-yə daxil ola bilməz- ÖZƏL
15 Oktyabr 2025 13:24 DünyaAvropa Komissiyasının Prezidenti Ursula Fon der Leyen Serbiyadan Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara qoşulmasını tələb edib. O bildirib ki, Belqradı "etibarlı tərəfdaş" hesab etmək üçün bu addım zəruridir və əks halda ölkənin Aİ-yə üzvlüyü mümkün olmayacaq. Olaylar.az xəbər verir ki, Fon der Leyen Serbiyaya səfəri zamanı keçirdiyi mətbuat konfransında deyib: "Serbiya üçün Aİ-yə qoşulmaq üçün konkret addımlar atmaq vaxtıdır. Xarici siyasətimizlə, o cümlədən Rusiyaya qarşı sanksiyalarla daha yüksək səviyyədə uyğunlaşmanı görməliyik. Serbiyanın xarici siyasətinin Aİ ilə uyğunlaşma səviyyəsini 61% olaraq qeyd edirəm. Amma daha çox tələb olunur. Biz Serbiyanı etibarlı tərəfdaş kimi görmək istəyirik."
Avropa İttifaqına üzvlük prosesi çərçivəsində namizəd ölkələrdən hər biri Aİ-nin xarici siyasətinə tam uyğunlaşmaq öhdəliyini götürməlidir. Bu, onların Aİ-nin bütün xarici siyasət qərarlarına qoşulmasını, hətta qərarların qəbulunda təsir imkanları olmasa belə, tələb edir. Həmin öhdəliyin yerinə yetirilməsi üzvlük üçün əsas şərtlərdən biridir, lakin təkbaşına qəbul üçün zəmanət yaratmır.