İraqda deputatlığa namizəd bomba partlayışında öldürüldü – ÖZƏL
12:59 Dünyaİraqda parlament seçkiləri ərəfəsində deputatlığa namizəd qətlə yetirilib.
Olaylar.az xəbər verir ki, AFP-nin məlumatına görə, təhlükəsizlik xidmətlərindən olan bir mənbə bildirib ki, İraqda 11 noyabrda keçiriləcək parlament seçkiləri ərəfəsində Bağdadın şimalında avtomobilinin yaxınlığında baş verən bomba partlayışı nəticəsində deputatlığa namizəd öldürülüb, onun üç cangüdəni isə yaralanıb.
Adının açıqlanmasını istəməyən mənbə AFP-yə deyib: "Bağdad əyalət şurasının hazırkı üzvü və parlamentə namizəd Safaa əl-Məşhədaninin avtomobilinin altında bomba partlayıb. O, yerindəcə keçinib, üç cangüdəni isə ağır yaralanıb."
Mənbə hadisənin "çərşənbə sübh tezdən paytaxtdan 40 kilometr şimalda yerləşən və Bağdad əyalətinə aid olan Tarmiyyədə" baş verdiyini izah edib.
Əl-Məşhədani iş adamı Xamis əl-Xancar və parlamentin spikeri Mahmud əl-Məşhədani tərəfindən idarə olunan ən böyük sünni müsəlman koalisiyalarından birindən namizəd idi.
Qeyd edək ki, qarşıdan gələn seçkilər ABŞ-nin 2003-cü ildə İraqa müdaxiləsi və uzunmüddətli hökmdar Səddam Hüseynin devrilməsindən sonra altıncı parlament seçkiləri olacaq.