Gürcüstan Parlamentinin Sədri ATƏT sədrini qanun pozuntusunda ittiham edir – ÖZƏL

Gürcüstan Parlamentinin Sədri Şalva Papuaşvili, Finlandiya Xarici İşlər Naziri və ATƏT-in hazırkı Sədrinin Gürcüstan qanunvericiliyini və Vyana Konvensiyasının 41-ci maddəsini pozduğunu bildirib.

Olaylar.az xəbər verir ki, o, X sosial platformasında yayımladığı paylaşımda qeyd edib ki, ATƏT Sədrinin dayandığı yer paytaxtın əsas prospektidir və burada toplaşan onlarla radikal şəxs bir neçə gün əvvəl Prezident Sarayına soxularaq 25 polis əməkdaşını yaralamışdı. Bu şəxslər yolu bağlamaqla qanunları pozurlar.
Papuaşvili vurğulayıb ki, Gürcüstan qanunvericiliyi yığıncaq hüququnu təmin edir, lakin yolun bağlanması yalnız böyük izdihamın səkilərə sığışmadığı hallarda məqbuldur. 

O, Finlandiya nazirinin, məsələn, Parlament binası qarşısındakı meydanda on dəfə artıq insanın hərəkəti kəsmədən dinc toplaşa biləcəyini görməzdən gəldiyini qeyd edib.
Şalva Papuaşvili hesab edir ki, Finlandiya naziri və ATƏT Sədri bu hərəkətlə Gürcüstan xalqına zorakı çevriliş təşkilatçılarına dəstək verdiyini göstərir və qaydalara əsaslanan beynəlxalq nizamın sadəcə "boş sözlər" olduğunu nümayiş etdirir. 

O əlavə edib ki, Finlandiya hakimiyyəti Helsinkidə yolu bağlayan nümayişçilərə qarşı Tbilisidəkindən daha sərt münasibət sərgiləyir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31