Putinin adamından SENSASİON AÇIQLAMA - Bakıda nələri DANIŞDI

Rusiya, Azərbaycan və İran yeni Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin və bu Dəhlizin Qərb marşrutunun formalaşdırılmasında maraqlıdır.

Olaylar.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib.

Qlobal Cənubun bazarlarına çıxış imkanı

Rusiya Baş nazirinin müavini deyib ki, burada söhbət həm dəmir yolu, həm də avtomobil nəqliyyatından gedir. Hər üç ölkənin hər biri öz ərazisində bu böyük layihəni həyata keçirmək üçün səy göstərir:

"Bu layihə həqiqətən qlobal əhəmiyyət kəsb edir. Çünki biz bu gün dəyişən dünyada yaşayırıq, iqtisadi mərkəz Qərbdən Şərqə və Cənuba doğru yer dəyişir. Buna görə də, biz Rusiyada Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizini rusiyalı ixracatçılar üçün sürətlə inkişaf edən Qlobal Cənubun bazarlarına çıxış imkanı olaraq nəzərdən keçiririk. Əlbəttə, biz bu ölkələrdən məhsul idxalında da maraqlıyıq. Bu səbəbdən biz maraqlıyıq ki, rusiyalı ixracatçılar bu bazarlara çıxmaq üçün daha əlverişli rəqabət şəraitinə malik olsunlar. Azərbaycan və İran elə coğrafiyada yerləşirlər ki, bu, bizim üçün Asiya və Afrika ölkələrinə, Fars körfəzinə ən qısa yoldur. Biz əslində bu dəhlizin, bu nəqliyyat dəhlizinin tikintisi ilə məşğuluq. Biz uzun müddətdir, təxminən yarım ildir bu görüşü planlaşdırdıq və nəhayət, bu görüş baş tutdu".

Azərbaycan öz dəmir yolu infrastrukturunun modernləşdirilməsi istiqamətində çox böyük səylər göstərir

Aleksey Overçuk oktyabrın 13-də Bakıda Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq və Rusiya tərəfindən özünün rəhbərlik etdiyi nümayəndə heyətlərinin görüşündə çox əhatəli məlumat mübadiləsi olduğunu vurğulayıb:

"Hər ölkə öz nümayəndə heyətinin rəhbəri digər tərəfdaşları öz ölkələrində həyata keçirilən təşəbbüslərlə tanış etdi. Həmçinin biz sahələr üzrə mütəxəssislərimizi, Şimal-Cənub Nəqliyyat Dəhlizində bu və ya digər sahəyə cavabdeh olan qurumların rəhbərlərini dinlədik. Bəzi xüsusi məqamlar var, biz bunları görürük və anlayırıq ki, ölkələrimizin rəhbərliyinin qarşıya qoyduğu məqsədlərə çatmaq üçün müvafiq addımlar atılmalıdır. Xüsusilə də, biz 2030-cu ilə qədər Şimal-Cənub vasitəsilə 15 milyon ton yük daşınmasının təmin olunmasına çalışırıq. Bu çox ciddi göstəricidir, hər üç ölkədən ciddi hazırlıq, üç ölkənin koordinasiyalı fəaliyyətini tələb edir. Biz anlamalıyıq ki, bu marşrut boyunca belə bir yük dövriyyəsini təmin edəcək infrastruktur olacaq. Buna görə də bu ümumi məqsədə birgə nail olmalıyıq. Biz həm Rusiyada, həm Azərbaycanda, həm də İranda hansı işlərin aparıldığını görürük. Biz İranla birlikdə Astara və Rəşt arasında 160 kilometrdən bir qədər uzun dəmir yolu xəttinin tikintisi üzərində çalışırıq. Eyni zamanda, biz bilirik ki, İranda bu marşrut boyu bəzi dar yerlər var ki, onlar da genişləndirilməlidir. Biz bilirik ki, Azərbaycan bu böyük ümumi məqsədə nail olmaq üçün öz dəmir yolu infrastrukturunun modernləşdirilməsi istiqamətində çox böyük səylər göstərir. Biz razılaşdıq ki, müvafiq sahəvi qurumların rəhbərlərinin müavinləri səviyyəsində işçi qruplar yaradaq və bu işi koordinasiya etsinlər. Razılaşdıq ki, hər altı ayda bir toplaşaq və baxaq ki, nələri etmişik, hansı problemlər var, layihə ilə bağlı irəli getmək üçün hansı problemlərin daha yüksək səviyyədə həllinə ehtiyac var".

İranda tıxacda yük maşınlarının böyük əksəriyyətinin Rusiya qeydiyyatı olduğunu gördük

Aleksey Overçuk Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin avtomobil yolu hissəsi ilə əlaqədar Azərbaycanın gördüyü işlərə də diqqət çəkib:

"Biz Azərbaycanın Rusiya sərhədindən İran sərhədinə qədər yük daşımaları üçün ən yaxşı şəraiti təmin etmək məqsədilə avtomobil yoluna böyük investisiyalar qoyduğunu görürük. Müasir yolları, müasir keçid məntəqələrini görürük, bunlar müştəriləri cəlb etməyə yönəlib. Rusiya tərəfdə də müasir keçid məntəqələri qurulur, yol infrastrukturu yaxşılaşdırılır, şəhərlərin ətrafında keçən dairəvi yollar salınır ki, yük axını şəhərlərə daxil olmasın. Əlbəttə, biz İran tərəfində də bizim yük daşıyıcılarımız üçün yaxşı şəraitin yaradılmasında çox maraqlıyıq. Bu gün İranda olduğumuz zaman, oradakı tıxacda çoxsaylı yük maşınlarının böyük əksəriyyətinin Rusiya qeydiyyatı olduğunu gördük. Təbiidir ki, biz istəyirik ki, bu maşınların sərhədi daha sürətli keçmək imkanı olsun. Təbii ki, bütün təhlükəsizlik prosedurları və tələblərini gözləyərək. Ancaq biz yük daşıyıcılarımız üçün ən yaxşı şəraiti yaratmağa çalışırıq".

Üçtərəfli mexanizmlər

Aleksey Overçuk Bakıda keçirilən görüşlərdə mövcud problemlərin üç ölkə formatında həll edilməsi qərarına gəldiklərini açıqlayıb:

"Bunun üçün mütəmadi görüşlər keçiriləcək, problemlər müəyyən ediləcək və onların həlləri tapılacaq. Buna görə də, biz hesab edirik ki, dünən və bu gün keçirilən üçtərəfli görüşlər nəticəsində gələcəkdə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin effektiv beynəlxalq dəhlizə çevrilməsinə çalışmaq üçün mexanizmlər formalaşdırmağa nail olmuşuq. Yəni bu dəhlizdən daşıyıcılar daha çox istifadə etməyə çalışsınlar. Rusiya, Azərbaycan və İran bunda maraqlıdırlar. Buna görə də biz hesab edirik ki, bu görüş çox məhsuldar oldu".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31