Qazaxıstanda 130 qanunsuz kriptomübadilə məntəqəsi ləğv edildi – ÖZƏL
10:00 DünyaQazaxıstanda internet fırıldaqçılığı və narkotik ticarətindən əldə edilən gəlirlərin yuyulması üçün istifadə olunan 130 kölgə kriptomübadilə məntəqəsi ləğv edilib. Maliyyə araşdırmaları nəticəsində 16,7 milyon dollar vəsait müsadirə edilib.
Olaylar.az xəbər verir ki, "ArbatMedia"nın məlumatına görə, Maliyyə Monitorinqi Agentliyi (MMA) bu qanunsuz fəaliyyətlərlə bağlı təfərrüatları açıqlayıb. Qeyd olunub ki, qeyri-qanuni onlayn mağazaların sahibləri və kibercinayətkarlar əldə etdikləri vəsaitləri ya bank hesablarına, ya da kriptovalyuta şəklində mübadilə məntəqələrinin cüzdanlarına köçürürlər.
Agentliyin bildirdiyinə görə, həmin aktivlər mənşəyini gizlətmək üçün bir sıra əməliyyat zəncirindən keçir. Vəsaitlərin leqallaşdırılması xidmətinə görə komissiya tutulur.
Bu əməliyyatları həyata keçirmək üçün tez-tez "dropper" adlanan, başqalarının adına qeydiyyatdan keçmiş bank kartları və elektron pul kisələrindən istifadə edilir.
Beləliklə, qanunsuz mübadilə məntəqələri kölgə iqtisadiyyatının bir hissəsinə çevrilərək vəsaitlərin nağdlaşdırılmasını və sərhəddən kənar çıxarılmasını təmin edir.