Avropa Parlamenti Avropa Komissiyasını qayda pozuntusunda ittiham edib - ÖZƏL

Olaylar.az xəbər verir ki, Politico nəşrinin məlumatına görə, Avropa Parlamenti Avropa Komissiyasını 2023-cü ildə Macarıstana ayrılan vəsaitlərin dondurulmasının aradan qaldırılması zamanı icma qaydalarını pozmaqda ittiham edib. Bu addımın məqsədinin Macarıstanın Ukrayna üçün maliyyə yardım planına dəstəyini təmin etmək olduğu bildirilir. Məlumata görə, Avropa Parlamentinin hüquqşünasları Avropa Komissiyasının "siyasi mənfəət" naminə tələsik qərar qəbul etdiyini bildiriblər. Onların sözlərinə görə, Komissiya Macarıstanın hüququn aliliyi və məhkəmələrin müstəqilliyi sahəsində irəliləyişini "natamam və vaxtından əvvəl qiymətləndirib".
Avropa Komissiyasının dörd hüquqşünası isə məhkəmədə Macarıstan hökumətinin vəkilləri ilə birlikdə qərarın "ətraflı və obyektiv hüquqi təhlilə əsaslandığını" müdafiə ediblər.
Məhkəmə Avropa Komissiyasının Macarıstanla bağlı qərarının qanuniliyinə dair hökmü 12 fevralda elan edəcək.
Xatırladaq ki, Avropa İttifaqı 2022-ci ildə Macarıstana ayrılan 22 milyard avro məbləğində birləşmə fondlarını dondurmuşdu. Bu fondlar üzv ölkələr arasında iqtisadi bərabərsizliyi azaltmaq və infrastruktur, təhsil, sosial layihələrə sərmayə yatırmaq üçün nəzərdə tutulub. Brüsselin mövqeyinə görə, qərar Macarıstan hökumətinin məhkəmə islahatları, sərt miqrasiya siyasəti və universitetlərə təzyiq kimi məsələlərdə Aİ qanunvericiliyini pozması ilə əlaqədar idi. Avropa Komissiyası 2023-cü il dekabrın 13-də Macarıstana 10,2 milyard avro vəsaitin ayrıldığını açıqlamışdı. Lakin Komissiya bu qərarın Budapeştin Ukraynaya 2027-ci ilə qədər 50 milyard avroluq yardım proqramını dəstəkləməsi üçün şərt kimi qoyulduğunu təkzib etmişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31