Zəlzələdən sonra Türkiyə-Yunanıstan sərhədinə miqrant axını siqnalı- ÖZƏL
20 Fevral 2023 11:49 DünyaOlaylar.az xəbər verir ki, Yunanıstanın Kathimerini qəzetinin məlumatına görə, hökumət Türkiyənin 11 əyalətində və Suriyanın şimalında böyük dağıntılara səbəb olan zəlzələlərdən sonra hazırlıq vəziyyətinə keçib. Qeyd olunub ki, zəlzələlərdən sonra Türkiyə sərhədində qeyri-qanuni immiqrasiya cəhdləri artmağa başlayıb. Yunanıstanın quru sərhədində polis tədbirlərinin gücləndirilməsi səbəbindən qeyri-qanuni mühacirlərin ümumiyyətlə dəniz yolunu seçdikləri, türklərlə yanaşı suriyalıların da qeyri-qanuni yollarla Yunanıstana keçməyə çalışdıqları bildirilib. Xəbərdə havaların istiləşməsi və zəlzələ ilə birlikdə böyüyən yoxsulluğun yaz aylarında qeyri-qanuni köçü əhəmiyyətli dərəcədə artıra biləcəyinə diqqət çəkilib. Kathimerini həmçinin xatırladıb ki, yunanların zəlzələ qurbanlarına yardım səyləri son illərdə böyük gərginlik yaşayan Ankara-Afina xəttində münasibətləri yumşaldır. Digər tərəfdən, qəzet prezident Tayyib Ərdoğanın əvvəlki kimi mühacirlərdən seçki öncəsi də Avropaya qarşı silah kimi istifadə edə biləcəyini irəli sürüb.