İsveç və Finlandiyanın Rusiya üzərində fürsətcil oyunları dünyanı qarışdıra bilər

Tural İsmayılov: "İsveç və Finlandiyanın NATO-ya üzvlük məsələsini aktuallaşdırmaqla,   Rusiyaya əlavə təzyiq göstərib onun  Ukrayna cəbhəsində geri addım atmasına nail olmaq istəyirlər"

İsveç və Finlandiya Rusiyanın Ukraynada apardığı müharibədə məğlubiyyətlə üzləşməsindən fürsət kimi yararlanmaq qərarına gəliblər. Hər iki ölkə Rusiyanın başının  qarışmasından istifadə edərək  NATO-ya üzvlük bağlı uzunmüddətli arzularını gerçəkləşdirmək istəyirlər. Bu yolda artıq ilkin addımlar atılıb. Böyük Britaniyanın Baş naziri Boris Conson Skandinaviya ölkələrinə səfəri çərçivəsində İsveç və Finlandiya ilə təhlükəsizlik sazişi imzalayıb. Sazişə əsasən,bu ölkələrin təhlükəsizliyinə hər hansı bir təhlükə yaranarsa, Böyük Britaniyadan dəstək alacaqlar.

Bunun ardınca, növbəti addımlar da planlaşdırılır. 2022-ci ilin iyun ayında NATO-nun Madrid şəhərində sammiti keçiriləcək. İsveç və Finlandiya bu sammitdə zamanı özlərinin NATO-ya üzvlük prosedurlarını tamamlamaq istəyirlər.

Amma Rusiya qonşu ölkələrin NATO-ya üzvlük məsələsinə özünün qırmızı xətti kimi yanaşır. Məhz NATO-ya üzvlük prosedurları başlayandan sonra Ukraynanın taleyi pisə doğru dəyişdi, Rusiyanın açıq işğal hücumuna məruz qaldı. Rusiya NATO-nu özü üçün təhlükə hesab edir və bu təşkilatı hər zaman  öz sərhədlərindən kənar saxlamağa çalışıb.  Ukraynaya hücumun başlıca səbəbi də bu faktorla bağlıdır. Amma bu da faktdır ki, Rusiyanın Ukraynaya qarşı hücumu Qərb təşkilatları və dövlətləri, o cümlədən, NATO tərəfindən etirazla qarşılanıb, Rusiyaya qarşı müqavimət formalaşdırıb. Bəs, İsveç və Finlandiyanın NATO-ya üzv olmaq istəməsi məsələsi Avropanın Rusiya ilə yeni müharibəsinə səbəb ola bilərmi?

Politoloq, Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı  Tural İsmayılov mövzunu  "Olaylar.az"-a şərh edib: "İsveç və Finlandiyanın NATO-ya üzv olmaq üçün uzun illərdir müzakirə aparırdılar. Lakin , bu məsələyə görə Rusiya ilə tarana getməsinin Ukraynada dalana dirənməsindən faydalanıb NATO-ya üzvlük prosesini tamamlamaq istəyirlər. Onların  üzvlük  məsələsi artıq aktuallaşmağa başlayıb. Düşünürəm ki, bununla bağlı beynəlxalq birlik tərəfindən ciddi addımlar atılır. Lakin, Rusiya siyasi və hərbi elitasının xəbərdarlıqlarından belə başa düşmək olar ki, İsveç və Finlandiyanın NATO-ya üzv olunmasını Rusiya özü üçün qırmızı xəttin keçilməsi kimi qəbul edəcək. Rusiya özünün  şimal sərhədlərində NATO-nun növbəti cəbhəsinin yaranmasından  narahatlığını açıq şəkildə biruzə verir. Bu baxımdan məsələ ziddiyyətlidir. Hazırki gərginlik dövründə,  İsveç və Finlandiya tərəfindən rəsmi müraciət olsa belə, NATO həmin iki ölkəni üzv qəbul etməyə tələsməz. Düşünürəm ki, İsveç və Finlandiyanın NATO-ya üzvlük məsələsini aktuallaşdırmaqla,  sadəcə Rusiyaya əlavə təzyiq göstərirlər və Rusiyanın Ukrayna cəbhəsində geri addım atmasına nail olmaq istəyirlər. Bu iki ölkənin NATO-ya üzvlük məsələsi real olsa belə, bunun Rusiya-Ukrayna savaşından sonra baş verəcəyini düşünürəm . Mövcud durumda  Rusiyanın İsveç və Finlandiya ilə savaş aparmaq ehtimalı o qədər də real görünmür".

Nəsimi Ələsgərli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31