ABŞ-ın ticarət naziri Trampın BMT-dəki çıxışı zamanı yatıb

ABŞ-ın ticarət naziri Trampın BMT-dəki çıxışı zamanı yatıb

ABŞ-ın ticarət naziri Uilbur Ross ölkə başçısının BMT Baş Assambleyasındakı çıxışı zamanı yatıb.

Bu barədə CNBC kanalı məlumat yayıb.

Nazir özü bunu inkar etsə də, müşahidçilər onun prezidentin çıxışı zamanı düz 15 dəqiqə mürgülədiyini bildirirlər. Hətta Donald Trampın Uilbur Ross üçün yaxın mövzu sayılan Çinlə ticarət savaşı barədə danışmağa başlaması belə nazirin yuxusunu qaçırmayıb. Bundan başqa, ölkə başçısı İran mövzusundakı fikirlərini ifadə etdiyində də cənab Rossun gözləri yumulu halda olub.

Ondan fərqli olaraq vitse-prezident Maykl Pens və dövlət katibi Maykl Pompeo Ağ Ev rəhbərinin sözlərini diqqətlə dinləyiblər.
Qeyd olunur ki, 82 yaşlı nazir dövlət tədbirlərində tez-tez belə vəziyyətlərdə jurnalistlərin diqqət mərkəzinə düşür. Məsələn, 2017-ci ildə Trampın Səudiyyə Ərəbistanına rəsmi səfərinin gedişatındakı nitqi zamanı hər kəs Uilbur Rossun yuxuladığının şahidi olub.

"Politico" saytının xəbərinə görə, milyarder nazirin vacib görüşlərdə bu cür xasiyyəti onu aparat işçilərinin də gözündən salıb və rəhbərlik etdiyi idarədə "fəlakətli vəziyyət" yaradıb.

Uilbur Ross özü haqqında gedən bu cür xəbərlərə sərt reaksiya verib. O, həmin gün Hindistan və Cənubi Koreya rəhbərləri ilə görüş keçirdiyini, bazar günündən etibarən isə dünyanın müxtəlif qitələrindəki ölkələrə 12 günlük rəsmi ezamiyyətə yollanacağını bildirib.

Ümumiyyətlə, dövlət adamlarının rəsmi iclas və tədbirlərdə yatması əslində adi hal sayılır. Məsələn, Rusiyanın baş naziri Dmitri Medvedevi dəfələrlə hökumət iclaslarında kameralar mürgüləyən vəziyyətdə yaxalayıb. Dmitri Medvedevin hətta 2014-cü ildə Soçi qış olimpiadasının açılışında Vladimir Putinin təntənəli açılış nitqi vaxtı yuxu ilə mübarizəsi heç kimin gözündən qaçmayıb.

Hər halda, nə Rusiya, nə də ABŞ-da buna görə hər hansı məzəmmət nəzərdə tutulmasa da, Şimali Koreya da eyni hərəkətə görə dövlət adamı əbədi olaraq gözlərini həyata yuma bilər. Məsələn, 2016-cı ildə Şimali Koreyanın səhiyyə naziri Li Çon Çjin Kim Çem Inın sədrlik etdiyi iclasların birində yatdığı üçün sonradan iri kalibrli zenit pulemyotu ilə güllələnib.

Musavat.com

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31