Suriyalı qaçqınlar Türkiyə üçün ciddi başağrısına çevrilir
Ümid Özdağ: “Suriyalılar Türkiyə içində bir etnik demoqrafik bomba təşkil edir”
5 Aprel 2016 15:49 DünyaTürkiyədə son aylar ərzində bir-birinin ardınca baş verən qanlı terror aksiyaları qardaş ölkəni daxili və xarici siyasətdə bəzi addımlar atmaq məcburiyyətində qoyub. Xüsusilə, ölkələrində baş verən şiddətli qarşıdurmalar və vətəndaş müharibəsindən canını qurtarmaq üçün Türkiyəyə pənah gətirən suriyalılar üzərində ciddi nəzarət sisteminin tətbiq edilməsi optimal variant olaraq irəli sürülür. İddia edilir ki, Türkiyədə baş verən silsilə terror aksiyalarında hər nə qədər İŞİD və PKK kimi terror təşkilatlarının adı hallansa da, lakin suriyalı qaçqınlar da yaddan çıxmamalıdır. Bildirilir ki, İŞİD və PKK-nın canlı bombalarının da məhz suriyalı qaçqınlar arasından seçilməsi mümkün variantlardandır. Ümumiyyətlə, bu gün suriyalı qaçqınlar Türkiyə üçün bir nömrəli təhlükə mənbəyi hesab edilir. Elə Türkiyə Böyük Millət Məclisinin Cümhuriyyət Xalq Partiyasından olan üzvü Ümid Özdağ da bu qənaətdədir. Ümid Özdağ hesab edir ki, günümüzdə Türkiyə üçün əsas təhdid də demoqrafik bir bomba olan suriyalı qaçqınlardır. Ümit Özdağın sözlərinə görə, suriyalı qaçqınlar tədricən Türkiyə üçün ciddi başağrısına çevrilsə də, lakin hakim Ədalət və İnkişaf Partiyası (AKP) suriyalı qaçqınlara "yeni səs qaynağı" olaraq baxmaqdadır: "Bu gün 2.5 milyon suriyalı Türkiyədə yaşamaqdadır. Yalnız düşərgələrdə yaşayan suriyalılar üçün xərclənən pul 10 milyard dolları keçib. Bu arada baş nazir Əhməd Davudoğlu isə ictimai xərcin 25 milyard dollar olduğunu açıqlayıb". Ümit Özdağ suriyalı qaçqınlar probleminin Türkiyədə vətəndaş müharibəsinə yol aça biləcəyini də söyləyib. Onun sözlərinə görə, suriyalılar ölkələrində sabitlik yaranacağı təqdirdə ölkələrinə geri dönməzlərsə qarşıdakı 10 il ərzində Türkiyədə vətəndaş müharibəsinin meydana gəlməsi qaçılmaz olacaq: "Bundan başqa suriyalılar Türkiyə içində bir etnik demoqrafik bomba təşkil edir. Məsələn, suriyalılar qısa bir müddət sonra bəzi vilayətlərimizdə bələdiyyə başçılarını seçəcək imtiyazlara sahib olacaqlar. Hazırda Kilisdə Türklər açıq-aşkar bir şəkildə azlıq hala düşüblər. Digər tərəfdən suriyalı qaçqınlar cihadçı sələfi, ərəb milliyyətçisi və mafiya olaraq da ortaya çıxa bilərlər". Türkiyə Böyük Millət Məclisinin üzvü deyir ki, Türkiyədə beş il oturum əldə edənlərə Türkiyə Respublikası vətəndaşlığının verilməsi proseduru suriyalı qaçqınlar üçün tətbiq edilməməlidir. Ümit Özdağ onu da bildirib ki, son günlərdə bəzi kütləvi informasiya vasitələrində "suriyalılar bundan sonra öz ölkələrinə getməzlər, artıq Türkiyədə qalarlar, buna alışmaq lazımdır" kimi fikirlər öz əksini tapır ki, bu da insanların beyninə psixoloji şəkildə təsir etməyə hesablanıb: "Türk
millətini bu psixoloji təsir vasitəsilə suriyalı qaçqınlara vətəndaşlıq verilməsi proseduruna hazırlamağa çalışırlar. Ancaq bu böyük cinayətə kimsənin dözümü yoxdur. Türk Milləti bu etnik bombanın bağrına basılmasına, icazə verməməlidir. Türkiyə kimi ağır borclu bir ölkənin bu gün 10 milyardlarla dolları humanitar yardım üçün sərf etməsi doğru deyil. Türkiyənin Avropanın tampon bölgəsi və açıq hava düşərgəsi halına gətirilməsinə icazə verilməməlidir Bunun ən sağlam yolu suriyalıların ölkələrinə dönməsini təmin etməkdir. Təbii ki, bunun üçündə əvvəlcə Suriyada vəziyyət stabilləşməli və bu ölkə vətəndaşları üçün təhlükəsiz həyat yaradılmalıdır. Suriyada sabitliyin əldə edilməsi istiqamətində Əsəd rejimi ilə yeni bir əlaqə forması inkişaf etdirilməlidir". Cümhuriyyət Xalq Partiyasından olan millət vəkili deyir ki, Ədalət və İnkişaf Partiyasının Suriyada Əsəd rejiminə düşmənçilik etməsi PKK-nın Suriyanın şimalında dövlət yaratması təhlükəsini artıracaq: "PKK terror təşkilatının Suriyanın şimalında bir dövlət qurması isə Türkiyəni çox qanlı hadisələrə sürükləyəcək və ölkə üçün ciddi təhlükələr yaradacaq. Məncə hakim dairələr bu təhlükəni görsələr yaxşı olar. Əgər zamanında lazımı addımlar atılmasa təhlükə qapımızın ağzını kəsəcək. Bu təhlükə isə bütün insanlarımıza çətin anlar yaşadacaq".
Füzuli