Türkiyədə növbəti gərgin gecə
PKK terrorçuları bir neçə yerdə polis avtomobillərinə hücum ediblər
5 Aprel 2016 07:46 DünyaTürkiyə Şırnak vilayətinin Silopi rayonunda separatçı PKK terrorçuları zirehli polis avtomobilinə hücum ediblər. ANS PRESS-in yerli mətbuata istinadən verdiyi məlumata görə, qumbaraatanla törədilən hücum nəticəsində ilkin məlumata görə 1 polis şəhid olub, 4 polis əməkdaşı yaralanıb.Silopi rayonunun Cudi məhəlləsində terrorçular reyd keçirən polis avtomobilinə qumbaraatandan atəş açıblar. Dərhal hadisə yerinə cəlb edilən təhlükəsizlik qüvvələri ilə terrorçular arasında atışma baş verib. İnsident zamanı bir terrorçu məhv edilib.Yaralı polislər isə xəstəxanaya çatdırılıblar. Terrorçuların ələ keçirilməsi istiqamətində əməliyyatlar davam edir. Analoji hadisə ötən axşam Türkiyənin Van vilayətində də baş verib. Yerli vaxtla saat 21.30-da (Bakı vaxtıyla 22.30) Vanın İpəkyolu rayonunda terrorçular 3 müxtəlif yerdə zirehli polis avtomobilinə hücum ediblər. hücum nəticəsində ölən və yaralanan olmasa da yaxınlıqda olan evlərin pəncərələrinin şüşələri sınıb. Terror hadisəsindən sonra təhlükəsizlik qüvvələri terrorçuların ələ keçirilməsi üçün bölgədə helikopterlərin dəstəyi ilə əməliyyatlara başlayıblar. Diyarbəkir vilayətinin Lice rayonunda da reyd keçirən polis avtomobili terrorçuların hücumuna məruz qalıb. PKK terrorçularının uzaqdan idarə olunan bombanı işə salması nəticəsində 2 polis əməkdaşı yaralanıb.