Azərbaycan kinosu və xarici seriallar
20:40 Teatr və kinoXarici seriallara artan marağın yerli kino istehsalına təsiri
Kino və seriallar insan həyatının müxtəlif qatlarını, duyğularını və sosial təcrübələrini özündə daşıyan ən güclü vizual sənət formalarından biridir. Düşünürəm ki, onlar yalnız əyləncə vasitəsi olmaqla kifayətlənmir, həm də cəmiyyətin sosial, mədəni və emosional həyatını əks etdirən güzgü rolunu oynayır. Ekranda görünən hər bir kadr-istər dramatik hadisə, istərsə də sadə gündəlik səhnə olsun tamaşaçıda emosional təsir yaradır. Bu təsir hekayənin strukturundan tutmuş obrazların təsvirinə, musiqiyə, dialoqlara və ümumi atmosferə qədər bütün komponentlərin bir araya gəlməsi ilə formalaşır.
Kino, qısa və ya uzun metrajlı formatda, hadisələri, obrazları və hekayələri tamaşaçıya çatdırmaq üçün görüntü, səs və dramaturji elementləri birləşdirir. Hekayə xətti, personajların davranışları, dialoqlar, kadr və vizual detalları tamaşaçının duyğu və düşüncə dünyasına təsir edir, onu hekayənin içində hiss etdirməklə bərabər, fərdi və ictimai təcrübələrini zənginləşdirir. Seriallar isə bu təcrübəni daha uzunmüddətli və ardıcıl şəkildə təqdim edir. Epizodlar vasitəsilə tamaşaçı obrazlarla yaxından tanış olur, onların həyat yolunu izləyir, hadisələrin inkişafına emosional şəkildə qoşulur. Bu baxımdan, kino və seriallar həm fərdi, həm də ictimai səviyyədə təsir gücünə malikdir. İnsanlar yeni ideyalar, müxtəlif həyat hekayələri və emosional təcrübə əldə etmək üçün ekran qarşısına keçir, və düşünürəm ki, onların marağı həm mövzu, həm də təqdimat forması ilə bağlıdır.
Tamaşaçının marağı yalnız texniki tərəflə -kadr keyfiyyəti, vizual effektlər ilə ölçülmür. Məncə , hekayənin inandırıcılığı, obrazların real həyatı əks etdirməsi, gündəlik həyat təcrübələri, ailə və dostluq münasibətləri, sevgi və əxlaqi dəyələrin işlənməsi də tamaşaçının diqqətini çəkən əsas elementlərdəndir. İnsanlar ekran qarşısına keçərək yalnız hadisələri izləmirlər. Onlar öz həyat təcrübələrini, duyğu və düşüncələrini ekrandakı hekayə ilə müqayisə edir, yeni ideyalar, emosional reaksiyalar və fərdi dəyərlər kəşf edirlər. Kino və seriallar, xüsusilə müasir dövrdə, həm fərdi inkişaf, həm də sosial şüurun formalaşması baxımından böyük əhəmiyyətə malikdir.
Azərbaycan kinosu zəngin tarixi inkişaf yoluna malikdir. Müxtəlif janrlarda çəkilmiş filmlərlə Azərbaycan mədəniyyətinin, tarixi və sosial həyatının ekran dilində ifadəsinə xidmət edib. Keçmişdə çəkilən filmlərimiz yalnız əyləncə vasitəsi olmamış, həm də tamaşaçını düşündürən, maarifləndirən və cəmiyyətin müxtəlif təbəqələrini əks etdirən əsərlər olmuşdur. Klassik Azərbaycan kinosu realist obrazlar və inandırıcı hekayə xətti ilə seçilmiş, tamaşaçıya həm sosial, həm də mədəni mesajlar çatdırmışdır. Filmlərdə ailə münasibətləri, dostluq, milli adətlər, tarixi hadisələr və cəmiyyətin problemləri ustalıqla işlənmişdir. Bu cəhət klassik Azərbaycan kinosunu həm milli, həm də qlobal səviyyədə tanınan və qiymətləndirilən bir mədəni irsə çevirmişdir.
Son zamanlarda yerli tamaşaçıların marağı xarici, xüsusilə türk seriallarına yönəlmişdir. Bu, həm qlobal trendlərin təsirini, həm də yerli kino və televiziya istehsalçıları üçün çağırışları göstərir. Xarici seriallar yüksək keyfiyyətli vizual effektlər, hekayə xətləri və emosional dərinliklə fərqləndiyi üçün tamaşaçı tərəfindən diqqətlə izlənilir. Son illərdə Azərbaycan tamaşaçısının marağı xarici seriallara, xüsusilə türk istehsallarına yönəlir. Bu tendensiya yerli kino sahəsinə, kino ssenarilərinə necə təsir göstərir? Yerli kino istehsalında ssenari keyfiyyətini artırmaq üçün hansı üsullar və mövzular üzərində işləmək lazımdır? Bu kimi suallara cavab tapmaq üçün mövzu ilə bağlı ssenarist Sara Hüseynova Olaylar.az-a açıqlama verib:

" Yerli film istehsalında durğunluq və əksər işlərdəki keyfiyyətsizlik tamaşaçını başqa ölkələrin istehsal etdiyi işlərə və əsasən də türk film və seriallarına yönəldir. Halbuki təkcə ssenari baxımından götürsək, tamaşaçının üstün tutduğu o işləri də çox da keyfiyyətli hesab etməz olmaz. Sadəcə böyük büdcə fərqi özünü göstərir. Bahalı məkanlar, təbiət təsvirləri, daha böyük miqyas, geyim, texnika və başqa amillər izləyicinin gözünü boyayır. Nəticədə biz kütlə itiririk. Tamaşaçını qınamaq da olmur, onların qarşısına qoyacağımız güclü işlər azdır. Tək-tük yaxşılar da əksəriyyətinin içində itib batır.
Yaxşı ssenari ssenaristin məsuliyyətidir. Amma burda iki məsələ var. Ssenaristin xarici və daxili maneəsi. Xarici maneələri illərdir danışırıq. Prodüser, vəsait, maddi əngəllər. Daxili maneə deyəndə əksər ssenaristlərin istedad və ssenari biliklərini nəzərdə tuturam. Bunun üçün master klaslar təşkil olunur. Sadəcə təəssüf ki, daha az ssenaristin diqqətini cəlb edir. Yerli kinoda digər böyük problem odur ki, sənət dəyəri yüksək olan ssenarilər pitçinq mərhələlərindən keçmir. Onların aqibətini səriştəsiz şəxslər həll edir. Lakin yaxşı xəbər odur ki, ssenariyə və onun müəllifinə olan bütün bu "dırnaqarası" yanaşmalar tezliklə dəyişəcək. Ssenarilərin dəyərinin və keyfiyyətinin artırılmasına müsbət təsir edəcək bir plan hazırlanır. Bu təşəbbüs ssenaristlərin maraq və hüquqlarını qorumağa, ssenari dəyərlərini müəyyənləşdirməyə, istiqamətlənib. Əminəm ki, bu Azərbaycan kinosu üçün həqiqi " yeni dalğa" olacaq. Hazırlıqlar bitəndə ictimaiyyətə açıqlayacaqlar, səbrsizliklə gözləyirəm.
Film yaranan gündən bütün ölkələr bir-birinin təcrübəsindən yararlanır. Bu belə də olmalıdır. Bir də var kopyalamaq.. Bu birbaşa səhvdir, çünki başqaları onsuz da onun ən yaxşı versiyasını edir. Sən türk serialında "aşiret" mövzularını bəyənə bilərsən, tamaşaçın da çox sevə bilər. Amma o hekayəni yazmaq gülməlidir. Bizdə "aşiret" var?. Hazırda ssenarilərimizdə sənət nöqteyi nəzərdən ən böyük problem budur. Ssenaristliklərin beynindəki "türk ssenari modelləri". Qəbul edin ki, bu artıq bizdə işləmir və birbaşa ssenarini gözdən salır. Nə zaman, nə məkan, nə filmdə yaradılan atmosfer o effekti vermir. Bir də ki, o effekt, o şablonlar artıq türk tamaşaçısının özünü də bezdirib. Biz isə hələ də meyar kimi bu şablonları götürürük. Əksər hallarda bu şablonları etmək ssenaristin öz seçimi deyil, ondan tələb olunan budur. Bizə deyirlər ki, "Hercai" yaz, "Eşref Rüya" yaz və ya geydirmə "Xaç atası". Ya da sadəcə qaynana gəlin, evdə qalmış baldız yaz...
Bəzən isə qərb modelinə qaçırıq- "mafiya", "killer" və.s. Eyni sual burada da keçərlidir. Soruşuruq ki, bizdə neçə "killer" və ya "mafiya atası" görmüşük? Tutaq ki, bu "uydurma" obrazdır. Onda gərək bu obraz üçün "utopik" mühiti o qədər gözəl yazasan və çəkəsən ki, tamaşaçı bu dünyanın mövcudluğuna inansın. Bu da qəliz məsələdir. Ona görə də ən düzgünü real və aktual Azərbaycan hekayəsi göstərməkdir ".
Nəticə etibarilə, həm Azərbaycan kinosunun keçmiş irsi, həm də bu gün xarici serialların yaratdığı rəqabət mühitinin özü göstərir ki, tamaşaçı heç vaxt təkcə görüntüyə aldanmır-insanlar real, inandırıcı və özlərinə yaxın hekayələr görmək istəyirlər. Xarici istehsalların üstünlüyü bizə yalnız bir şeyi sübut edir: tamaşaçı keyfiyyətli məhsula həmişə açıqdır. Lakin bu, yerli kino üçün təhlükə yox, əksinə, böyük stimul ola bilər.
Sara Hüseynovanın qeyd etdiyi kimi, inkişafın əsas açarı ssenaridən başlayır. Çünki ən güclü vizual texnika belə zəif yazılmış hekayəni xilas edə bilmir. Azərbaycan kinosunun qarşısında duran əsas çağırış da məhz budur- xarici modelləri təkrarlamaq yox, öz reallığımızdan, öz hekayələrimizdən, insanımızın gündəlik həyatından doğan orijinal mətnlər yaratmaq. Bizim cəmiyyətin sosial münasibətləri, mədəniyyəti, şəhərlərin ritmi, ailə bağları, dəyişən dəyərlər və yeni sosial davranışlar kifayət qədər zəngindir ki, onlardan yüzlərlə təsirli hekayə doğsun. Bizim kinonun dirçəlişi də məhz bu balansdan keçir. Reallığımızı itirmədən, amma onu modern kino dili ilə təqdim etməklə yeni dalğa yaratmaq mümkündür. Tamaşaçı hər zaman yaxşı hekayəni seçəcək. Düşünürəm ki, Azərbaycan kinosunun yenidən doğulması, böyük ehtimalla, elə öz həyatımızdan doğan hekayələrlə başlayacaq".
Zeynəb Mustafazadə