Naxçıvanda bu “eybəcər yerlər” bağlandı

"Qədim tarixə malik Naxçıvan strateji nöqtədə yerləşir. Ora türkün Turana açılan qapısı, yeni dünya düzəninin açarı, Şərqlə Qərbi birləşdirən yeni kommunikasiya xətlərinin keçdiyi yerdir".

Bu sözləri Globalinfo.az-a jurnalist Tural Səfər son 20 ildə Naxçıvanda baş verən proseslər haqqında danışarkən deyib.

O qeyd edib ki, Naxçıvan zaman-zaman cəsarətli qərarların qəbul olunduğu yer kimi tarixə düşüb:

"1990-cı ildə SSRİ tərkibindən çıxan ilk respublika, hələ sovet dövründə müstəqilliyimizi elan etməmişdən əvvəl üçrəngli bayrağımızın dalğalandırıldığı ilk şəhərdir. Həm Ulu Öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev Naxçıvana hər zaman böyük diqqət və qayğı göstəriblər.

Prezident Heydər Əliyev Naxçıvanda olarkən Bakıdan gəlmiş nazirlərə göstəriş vermişdi ki, vaxtaşırı Naxçıvana gəlsinlər, burada məsələlərlə məşğul olsunlar, lazımi köməyi göstərsinlər. Bu, Naxçıvanın strateji əhəmiyyətinə Prezidentin verdiyi önəmin göstəricisidir.

2004-cü ildə Prezident İlham Əliyev Azərbaycanın yaxın 30 illik inkişaf yolunu artıq müəyyən etmişdi. O, həm Qarabağın azad edilməsini, həm də Zəngəzur dəhlizinin açılmasını planlaşdırmışdı. Prezidentin müdrikliyi Naxçıvanın bugünkü əhəmiyyətini hələ o zaman görməyə imkan vermişdi. Ona görə də Naxçıvana xüsusi qayğı göstərir və Azərbaycanın nazirlərindən də muxtar respublikaya diqqət yetirməyi tələb edirdi".

Jurnalist qeyd edib ki, son 20 ildə Naxçıvana rəhbərlik edənlər -Vasif Talıbov, Fuad Nəcəfli regionun strateji əhəmiyyətini və Prezidentin muxtar respublika ilə bağlı planlarını anlaya bilmədilər, tapşırıqları layiqincə yerinə yetirmədilər:

"İfrat təkəbbür və yarıtmaz fəaliyyət Naxçıvanla bağlı əksər planları pozdu, Azərbaycanın mərkəzi icra hakimiyyəti orqanlarının tədbirlərini həyata keçirməsinə mane oldu. Vasif Talıbov və Fuad Nəcəflinin dövrlərindəki nöqsanlar, naxçıvanlılara yaşatdıqları çətinliklər, korrupsiya halları haqqında danışmağa gərək yoxdur, əksəriyyət bilir.

Noyabrın 12-də Prezident İlham Əliyev Ceyhun Cəlilovu Naxçıvana yeni səlahiyyətli nümayəndə təyin etdi. Naxçıvan əhalisi Prezidentin bu qərarını minnətdarlıqla qarşıladı. Beləliklə, Naxçıvanın problemlərinin qısa zaman ərzində həll olunacağına, regionun inkişafı istiqamətində ciddi addımlar atılacağına, 2023-2028-ci illəri əhatə edən sosial-iqtisadi inkişaf dövlət proqramının uğurla icra olunacağına və yeni iş yerlərinin açılacağına ümid yarandı. C.Cəlilovun nazir və baş nazir kimi muxtar respublikadakı 3 illik fəaliyyəti buna əsas verir".

T.Səfərli deyib ki, yeni rəhbərlik mənəvi məsələlərdən başlayıb:

"Mühafizəkar Naxçıvanda insanları ciddi şəkildə narahat edən əsas məsələ öz həllini tapıb. Kafe və pab adı ilə açılmış eybəcər yerlər bağlanıb. Bu, naxçıvanlıların yeni səlahiyyətli nümayəndədən ilk gözləntisi idi və özünü doğrultdu. Naxçıvanlıların problemlərinin həlli üçün işçi qrupları yaradılıb, kadr dəyişikliklərinə başlanılıb. Səhiyyəni darmadağın edən nazir artıq vəzifəsindən çıxarılıb. İnanırıq ki, yeni dönəmdə müxtəlif vəzifələrə dost, tanış və qohum yox, layiqli kadrlar təyin olunacaq. Yeni rəhbərlik əminlik yaradan siyasət yürüdərək Naxçıvan əhalisinin inamını möhkəmləndirəcək. Asan olmayacaq...

Keçmiş rəhbərlikdən qalan "zəlzələdən sonra çökmüş bina" kimi mirası əvvəlcə təmizləmək, sonra yeni binanı qurmaq lazımdır. Naxçıvanın müasir idarəetmə sistemi formalaşarkən, kadr seçimi zamanı müqavimət, sabotaj və manipulyativ xəbərlər ola bilər. Bu zaman bütün əhali Prezidentin nümayəndəsinə inanmalı, onun arxasında dayanmalıdır ki, muxtar respublikanı yeni inkişaf mərhələsinə tez çatdıra bilək".

Müsahibimizin fikrincə, Zəngəzur dəhlizi açıldıqdan sonra Naxçıvan logistik mərkəzə çevriləcək:

"Cəmi 1-2 il ərzində region bu mərhələyə hazırlanmalıdır. Naxçıvanda "göstəriş üçün işləmək" dövrü bitib, real iş dövrü başlayıb. İntriqa, yalan vədlər dövrü bitib, sabit idarəçilik və dürüstlük dövrü başlayıb. Səlahiyyətsiz rəhbərlər dövrü bitib, hər kəs öz vəzifəsinə görə iş görməyə başlayıb. Mənasız iclaslar, nəticəsiz müşavirələr dövrü bitib. İndi konkret iş və nəticə tələb olunur. İş adamları üçün geniş imkanlar açılır, tikinti və investisiya layihələri sürətlənir. Bir sözlə, Naxçıvanda yarıtmaz idarəçilik dövrü başa çatıb, uğurlu fəaliyyət dövrü başlayıb. İlkin nəticələr buna əsas verir. Gələcəkdə nə baş verəcəyini və naxçıvanlıların inamının əminliyə çevrilib-çevrilməyəcəyini zaman göstərəcək"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31