Kamal Abdulla - 75

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa 
Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, Birinci dərəcəli dövlət müşaviri, Əməkdar elm xadimi, Xalq yazıçısı Kamal Abdullanı 75 illik yubileyi ilə bağlı təbrik edib. 
Təbrik məktubunda deyilir:

"Hörmətli Kamal müəllim,
Sizi 75 illik yubileyiniz münasibətilə səmimi-qəlbdən təbrik edir, Azərbaycan elminə, ictimai fikrinə, multikulturalizm siyasətinə, ədəbiyyatına və ali təhsil sisteminə verdiyiniz töhfələrə görə sayğılarımı bildirirəm.
Siz Azərbaycan Mədəniyyət Fondunun sədri, Türk Dil Qurumunun həqiqi fəxri üzvü, AMEA-nın həqiqi üzvüsünüz və nüfuzlu ictimai, elm və ədəbiyyat xadimi kimi ün qazanmışsınız.

Sizin çoxşaxəli yaradıcılığınız - həm ədəbiyyatşünas-alim, həm yazıçı, həm də çağdaş düşüncəli ictimai xadim və rektor olaraq fəaliyyətiniz - ölkəmizin intellektual, ictimai-mədəni həyatında xüsusi yer tutur. Əsərləriniz, eyni zamanda klassik irsimizin yeni fəlsəfi yozumlara qovuşduğu araşdırmalarınız Sizi çağdaş ədəbiyyatımızın ən nüfuzlu simalarından birinə çevirib.
Sizin elmi-fəlsəfi baxışlarla ədəbi-estetik təfəkkürü birləşdirən yaradıcılığınız həm ölkə içində, həm də beynəlxalq müstəvidə Azərbaycan bədii-fəlsəfi, kulturoloji sözünün nüfuzunu artırıb. Ədəbiyyat araşdırmalarınız, dilçilik və mətnşünaslıq sahəsindəki yenilikçi yanaşmalarınız bu sahələrin inkişafına önəmli töhfədir.

Rektor kimi yüksək idarəçilik mədəniyyətiniz, yeni təhsil fəlsəfəsinin formalaşdırılmasına yönəlmiş baxışlarınız, gənc nəsildə əsl vətəndaşlıq düşüncəsinin, analitik təfəkkürün və dünyəvi mədəniyyət duyumunun inkişafına xüsusi təsir göstərib. Bu gün ADU çağdaş təhsil modelinin uğurlu örnəyi kimi tanınırsa, bunda Sizin şəffaf idarəetmə prinsipinizin və intellektual məktəb yaratmaq iradənizin payı danılmazdır.

Əziz Kamal müəllim,
75 illik yubileyiniz bir aydının, dövlətçilik missiyasını daşıyan bir mütəfəkkirin illərlə formalaşan zəngin yaradıcılıq yolu örnəyidir.

Sizi bir daha ürəkdən təbrik edir, möhkəm cansağlığı, yeni elmi və ədəbi uğurlar, Azərbaycan ictimai fikrinin inkişafı naminə davamlı fəaliyyət arzulayıram"!

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31