Zəngəzur dəhlizi Və Kərki keçidi: Azərbaycan qarşılıqlı toxunulmazlığa zəmanət verir – ÖZƏIL
15:04 Siyasət"30 ilə yaxın bir müddətdə Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlayırdı və bu dövrdə heç bir beynəlxalq norma və qaydalara uyğun danışıqlar aparmırdı. Nə BMT-nin dörd qətnaməsini qəbul edir, nə də beynəlxalq hüququn tələb etdiyi müddəaları yerinə yetirirdi. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan həm de-fakto, həm də de-yure ərazi bütövlüyünü bərpa etdikdən sonra bölgədə yeni siyasi situasiya yarandı və Ermənistan bu siyasi reallığı qəbul etmək məcburiyyətində qaldı".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib. Siyasi şərhçi bildirib ki, artıq Paşinyan da Azərbaycanın tələbləri qarşısında acizdir və onları həyata keçirmək məcburiyyətindədir. Əks təqdirdə, Ermənistan yenə də dünya iqtisadi-siyasi sistemindən təcrid oluna bilər.
Əgər səmimi davranacaqlarsa, Ermənistan üçün Kərki ərazisindən hansısa bir nəqliyyat vasitəsinin keçməsi heç bir problem yaratmayacaq. Ümumilikdə, Ermənistan və Azərbaycan arasında nəqliyyat infrastrukturu açılacaq və Zəngəzur dəhlizinin açılması da buna hesablanıb. Yəni Azərbaycan vətəndaşlarının Naxçıvana toxunulmaz gedib-gəlişinə zəmanət verilməlidir.
"Eyni zamanda Kərki üzərindən Ermənistan yüklərinin daşınmasına da yəqin ki, zəmanət veriləcək. Ona görə də Ermənistan cəmiyyəti və Ermənistanın siyasi elitası bundan narahat olmamalıdır. Məsələ bundadır ki, əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımayacaqsa, istər Kərki, istərsə də Qazaxın digər kəndlərini qaytarmayacaqsa, onda danışıqlar yarımçıq qalacaq," - deyə siyasi şərhçi əlavə edib.
Ermənistan və Azərbaycan arasında sülh sazişinin təməl prinsipi nədir?
İki dövlətin bir-birinin ərazi bütövlüyünü tanıması. Ərazi bütövlüyü Paşinyanın dilində səsləndirdiyi Alma-Ata Bəyannaməsi əsas götürülürsə, onda Kərki kəndi Azərbaycan ərazisidir və istənilən halda Kərki sözsüz olaraq Azərbaycana qaytarılmalıdır. Bəli, gələcəkdə Ermənistan nəqliyyatının və Ermənistan vətəndaşlarının Kərki ərazisindən Zəngəzura və digər istiqamətlərə getməsinə Azərbaycan tərəfindən zəmanət veriləcək ki, onların toxunulmazlığı təmin olunsun.
Necə ki, Azərbaycan vətəndaşlarının Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana toxunulmaz gediş-gəlişi təmin olunacaq, bu artıq texniki məsələdir. Gələcəkdə bunun detalları müzakirə oluna bilər. Amma əsas məsələ bundadır ki, əgər Ermənistanın siyasi elitası və erməni cəmiyyəti Kərkinin Azərbaycan torpağı olduğunu qəbul etməyəcəksə, bu, ərazi bütövlüyünün tam tanınması demək deyil.
"Buna görə də bu məsələ müəyyən mübahisə predmetinə çevrilə və sülh sazişinin imzalanmasına maneçilik törədə bilər. Bəli, yenə təkrar edirəm: əgər Ermənistan Azərbaycan ərazisini 1991-ci il Alma-Ata Bəyannaməsinə əsasən müəyyənləşdirmək istəyirsə, təbii ki, bu halda Kərkinin Azərbaycanın tərkib hissəsi kimi tanınmalıdır," - deyə ekspert qeyd edib.
Lamiyə Cəbrayılova