HR mütəxəssisi xəbərdarlıq edir: “Ünvansız və şəkil tələbi olan elanların 90%-i saxtadır”

Sosial şəbəkələrdə "Spiritual Enerji Mərkəzi" adlı müəssisə tərəfindən paylaşılan iş elanı son günlər ciddi rezonans doğurub. Katibə vəzifəsinə 3500 manat əməkhaqqı təklif olunması ilk baxışda cəlbedici görünsə də, elan diqqətlə oxunduqda bir çox uyğunsuzluqlar və təhlükəli məqamlar üzə çıxır. Elanın məzmununda əslində iş axtaran insanlara psixoloji təsir göstərmək, onlarda "əlverişli imkan" təəssüratı yaratmaq üçün xüsusi manipulyativ üsullardan istifadə edildiyi hiss olunur.
Ən diqqət çəkən detallardan biri budur ki, şirkət özünün sosial media hesabı olmadığını bəyan etsə də, vəzifə öhdəlikləri sırasında "Instagram mesajlarını cavablandırmaq" kimi bir tələb göstərilib. Bu ziddiyyət, elanın gerçəkliyinə dair əsaslı şübhələr yaradır. Digər mühüm məqam ünvanın göstərilməməsidir. Şirkət bildirir ki, bütün iş görüşmələri yalnız onlayn formatda keçiriləcək. Halbuki ciddi, rəsmi və fəaliyyəti şəffaf olan şirkətlər heç vaxt ünvanı gizlətmir, əksinə, bu məlumatı açıq şəkildə paylaşır.
Elanın ən çox müzakirə edilən və narahatlıq doğuran hissəsi CV ilə yanaşı ayaqüstə duruşda iki ədəd foto tələb olunmasıdır. Bu tələbin işin mahiyyəti ilə heç bir əlaqəsi yoxdur. Katibə vəzifəsinə qəbul üçün ayaqüstə pozada şəkillərin göndərilməsi standart olmayan, etik qaydalara uyğun gəlməyən və təhlükəli məqsədlər güdə biləcək tələblərdən hesab olunur. Məhz bu cür qeyri-adi şərtlər internet istifadəçiləri arasında şübhə doğurub və sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub.
Bu kimi elanlara aldanan xanımlar şəxsi fotolarını, telefon nömrələrini və şəxsi məlumatlarını paylaşaraq özlərini potensial şantaj, şəxsi məlumatların ələ keçirilməsi, onlayn zorakılıq və sui-istifadə təhlükələri ilə üz-üzə qoyurlar. Xüsusilə müasir dövrdə, süni İntellekt texnologiyalarının sürətlə inkişaf etdiyi bir zamanda göndərilən şəklin harada və necə istifadə olunacağı barədə heç kim əmin ola bilməz. AI vasitəsilə real görüntülərin manipulyasiya edilməsi, deepfake videoların hazırlanması, foto montajlarla şantaj cəhdləri artıq dünya üzrə yayğın təhlükələrə çevrilib. Bu səbəbdən istənilən foto paylaşımı ciddi risk daşıyır.
Ekspertlər bildirirlər ki, virtual mühitdə yayılan bu tip elanın əsas məqsədi işçi tapmaq yox, şəxsi fotoların toplanması, istifadəçilərin məlumat bazasının yaradılması, hətta maliyyə dələduzluğu üçün zəmin formalaşdırmaq ola bilər. Belə elanlarda qadınların seçilməsi təsadüfi deyil; çünki onların daha tez inanması və manipulyasiyaya məruz qalması, sosial təzyiqlərdən çəkinməsi dələduzların işini asanlaşdırır.
Əmək bazarında yüksək maaş və minimal öhdəliklər təklif edən müəmmalı elanlara heç vaxt etibar edilməməlidir. Şirkətin hüquqi ünvanı, VÖEN nömrəsi, rəsmi əlaqə vasitələri, ofis mövcudluğu və sosial media aktivliyi yoxdursa, belə elanların 90 faizi saxta olur. Bununla yanaşı, hər hansı iş üçün şəxsi görüntülərin tələb olunması qanunla da, etik qaydalarla da uyğun deyil.
Sosial medianın geniş yayıldığı bir zamanda məsuliyyət həm işəgötürənlərin, həm də istifadəçilərin üzərinə düşür. Qeyri-şəffaf şirkətlərdən gələn təkliflərə inanan şəxslərin hüquqları qorunmadığı üçün onlar özlərini riskə atırlar. Bu cür halların qarşısının alınması üçün həm hüquqi nəzarət gücləndirilməli, həm də cəmiyyətin maarifləndirilməsi davam etdirilməlidir.

Mövzu ilə bağlı HR mütəxəssisi Sevda Quliyeva Olaylar.az-a danışıb. Ekspert bildirib ki, peşəkar və qanuni işə qəbul proseslərində yüksək keyfiyyətli, düzgün tərtib edilmiş CV-nin mövcud olması son dərəcə vacib amildir. CV namizədin bilik və bacarıqlarını təqdim edən əsas sənəddir və işəgötürənlə ilk təəssüratın formalaşdığı vasitə kimi çıxış edir. Xüsusilə front-office sahələrində, yəni birbaşa müştərilərlə ünsiyyətdə olan pozisiyalarda bu sənədin daha peşəkar hazırlanması ön plana çıxır. Bu kateqoriyaya satış üzrə mütəxəssislər, resepsiyon əməkdaşları, qəbul şöbəsinin işçiləri, müştərilərlə iş üzrə nümayəndələr, kredit mütəxəssisləri və digər oxşar vəzifələr daxildir. Belə sahələrdə çalışan əməkdaşlar təkcə müştərilərlə deyil, həmçinin şirkətin müxtəlif şöbələrinin əməkdaşları, rəhbərlik və hətta şirkətə gələn xarici qonaqlarla birbaşa təmasda olur. Buna görə də bu vəzifələr üçün xoş görünüşlü, səliqəli, təqdimatbacarığı yüksək olan namizədlərin seçilməsi ümumi korporativ imic baxımından arzuolunan hesab edilir. Lakin görünüş heç zaman yeganə meyar olmur. Bu cür vəzifələrdə əməkdaşdan gözlənilən digər mühüm tələblər də mövcuddur. Təhsil səviyyəsi, dil bilikləri (xüsusilə ingilis və rus dilləri), kompüter bacarıqları, ünsiyyət qurmaq bacarığı, stresə davamlılıq, müştəri yönümlülük və işə məsuliyyətlə yanaşma kimi peşəkar kompetensiyalar həmin vəzifələrin uğurla icra olunmasında əsas rol oynayır. Bu səbəbdən namizədlər CV-lərində yalnız təhsil və təcrübələrini sadalamaqla kifayətlənməməli, eyni zamanda bu sahələrdəki real bacarıqlarını da nümayiş etdirməyə çalışmalıdırlar.

Mütəxəssis əlavə edib ki, işə qəbul prosesində şirkət haqqında məlumatın aydın və şəffaf təqdim edilməsi də xüsusi əhəmiyyət daşıyır. Namizədin hansı şirkətə və hansı vakansiyaya müraciət etdiyini dəqiq bilməsi, qısa və ya uzunmüddətli perspektivdə düzgün qərar verməsinə yardımçı olur. Buna görə də şirkətin etibarlılıq səviyyəsi, sosial mediada aktivliyi, rəsmi internet saytının mövcudluğu, əvvəlki işçilərin rəyləri və şirkətin ümumi reputasiyası namizədlər üçün mühüm göstəricilərdir. Namizədlərə etibarlı olmayan mənbələrdən təqdim edilən şübhəli vakansiyalara müraciət etməmək tövsiyə olunur. Mənbə qeyri-müəyyəndirsə, şirkət haqqında məlumat tapılmırsa və ya şəxsən kiminsə adından təqdim edilirsə, belə elanlara ehtiyatla yanaşmaq lazımdır.
Bu məsələlərə şəxsi təcrübəmdə də xüsusi diqqət yetirirəm. İnsan resursları sahəsində 12 illik təcrübəyə malik bir HR mütəxəssisi və HR xidmətləri göstərən şirkətin rəhbəri kimi özüm üçün əsas prioritetlərdən biri şəffaflıq və etibarlılığın qorunmasıdır. Mənim üçün peşəkar imic (PR) yalnız özümü yaxşı təqdim etmək deyil, həm də namizəd və işəgötürən arasında etibarlı körpü rolunu oynamaq deməkdir. Praktikamda çox vaxt vakansiyalar gizlilik qorunmaq şərti ilə yayımlanır. Lakin namizəddə hər hansı şübhə yarandıqda, mən dərhal özüm və şirkətim haqqında bütün zəruri məlumatları şəxsən təqdim edirəm. Bu, həm namizədin özünü daha rahat və güvəndə hiss etməsinə, həm də ümumi iş prosesinin düzgün aparılmasına şərait yaradır.
Eyni zamanda, tərəfdaş şirkətlərlə görüşlərdə iştirak edib onların fəaliyyətini yaxından izləməyə çalışıram. Bu görüşlər mənə həmin şirkətlərin iş prinsiplərini, dəyərlərini, etibarlılığını və əməkdaşlıq imkanlarını daha düzgün analiz etməyə kömək edir. Çünki mən yalnız bir HR mütəxəssisi kimi deyil, həm də namizəd və şirkət arasında məsuliyyət daşıyan vasitəçi kimi çıxış edirəm. Namizədin düzgün şirkətə yönləndirilməsi, şirkətin də iş üçün uyğun kadr əldə etməsi mənim üçün qarşılıqlı etibar üzərində qurulan bir prosesdir.

"Bu səbəbdən hesab edirəm ki, digər şirkətlər də öz fəaliyyətlərində məlumatların şəffaflığına və açıqlığına xüsusi önəm verməlidirlər. Şirkət haqqında məlumatlar nə qədər açıq şəkildə təqdim olunarsa, namizədlər də bir o qədər rahatlıqla və çəkinmədən müraciət edə bilərlər. Bu, həm namizədlər üçün təhlükəsiz iş mühitinin təmin edilməsinə, həm şirkətlər üçün isə daha uyğun və peşəkar işçi seçiminə imkan yaradır," - deyə ekspert sonda vurğulayıb.

Fikrimcə, "Spiritual Enerji Mərkəzi" adı altında yayılan bu elan bir daha göstərir ki, internetdə rast gəlinən hər "iş elanı" reallığa uyğun olmaya bilər. Qadınların şəxsi məlumatlarının və fotolarının təhlükə altına düşməməsi üçün daha diqqətli olmaları, hər hansı elanla bağlı minimum araşdırma aparmaları və tanımadıqları ünvanlara şəxsi məlumat göndərməmələri vacibdir. Müasir informasiya dövründə təhlükəsizlik yalnız dövlətin və hüquq-mühafizə orqanlarının deyil, həm də hər bir vətəndaşın şəxsi məsuliyyəti hesab olunur.

Lamiyə Cəbrayılova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31