Ermənistanın keçmiş və indiki hakimiyyətinin qarşıdurması: Rubinyanın sözləri Paşinyana hansı üstünlük verəcək?- ÖZƏL
15:10 SiyasətErmənistan parlamenti sədrinin müavini Ruben Rubinyan bildirib ki, "Ermənistan Qarabağı təhvil verib" demək tökülən qanları gözardı etməkdir". O, Ki-Uest sənədinin mövcud olmadığını və bu məsələlərin 2018-ci ildən sonra hakimiyyətə gələnlərə aid olmadığını vurğulayıb. Rubinyan həmçinin Robert Köçəryan və Levon Ter-Petrosyan arasındakı fərqlərin şəxsi məsələ olduğunu qeyd edib..Rubinyanın açıqlamaları Ermənistan daxilində siyasi qüvvələr arasında məsuliyyət bölgüsü və qarşılıqlı ittihamların artdığını göstərir.

Ruben Rubinyanın keçmiş prezidentləri hədəf alan bu açıqlamaları Ermənistanda siyasi parçalanmanı daha da dərinləşdirə bilərmi və bu gərginlik hökumətin qarşıdakı qərarlarına necə təsir göstərə bilər? Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlama verib:
"Ermənistanda baş verənlər əlbəttə ki, diqqətlə izlənilir və çox maraqlı hadisələr baş verməkdədir. Nəzərə alsaq ki, Paşinyan bir neçə ay öncə Azərbaycan və Ermənistan arasında aparılan danışıqlarla bağlı sənədləri yayımlayacağına söz vermişdi və artıq o sənədlərin müəyyən hissəsi yayımlanmaqdadır, Ermənistan hakimiyyəti əslində bununla cəmiyyətə göstərir ki, keçmiş hakimiyyət nümayəndələri heç də özlərinin iddia etdikləri qədər cəsarətli davranmayıblar. Əslində, onların apardığı danışıqların nəticələri, onların istəklərindən asılı olmayaraq, dedikləri ilə üst-üstə düşmür.
Yəni, real sənədlər başqa bir şey göstərir, səsləndirilən iddialar isə tamamilə fərqli iddialar kimi dəyərləndirilir. Bu baxımdan, bu, Paşinyan hakimiyyətinin rəqiblərinə qarşı apardığı bir kampaniyadır və kifayət qədər effektivdir. Belə ki, revanşist qüvvələrin, yəni keçmiş prezidentlər və onların ətrafındakı qüvvələrin Paşinyan hakimiyyətinə qarşı əsas arqumentləri Qarabağ kartı üzərində qurulmuşdur.
Paşinyan isə məhz bu sənədləri açmaqla onları ifşa edir və onların vəziyyətini cəmiyyətə nümayiş etdirir. Bunun qarşılığında isə Paşinyan bundan sonraki dönəmdə həm seçkilərə daha ciddi hazırlaşmaq, həm də həmin sənədlərdən effektiv şəkildə istifadə etməklə rəqiblərinin arqumentlərini zəiflətməyə çalışacaq. Bu, Ermənistan cəmiyyətində kifayət qədər ciddi psixoloji təsir yaradacaq. Paşinyan məhz bununla psixoloji üstünlüyü əldə etməyi hədəfləyir və hesab edirəm ki, bu getişlə o, səsvermə öncəsi psixoloji üstünlüyünü möhkəmləndirə biləcək".
Zeynəb Mustafazadə