Əkbər Qoşalı: Azərbaycan “arxa bağça” deyil, suveren oyuncudur – ÖZƏL
13:28 SiyasətAzərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "EU Today"ə müsahibəsində bildirib ki, ötən ilin dekabrında Azərbaycana məxsus təyyarənin Rusiya tərəfindən vurulması ilə bağlı yaranmış yanlış anlaşılmalar aradan qaldırılıb.
H.Hacıyev Bakının Moskvadan rəsmi üzr, hadisənin araşdırılması, məsul şəxslərin cəzalandırılması və kompensasiya tələb etdiyini və bu məsələlərin həll olunduğunu vurğulayıb.
Prezidentin köməkçisi nəticədə iki ölkə arasında normal qonşuluq münasibətlərinin davam edəcəyini qeyd edib.
""Azərbaycan-Rusiya münasibətlərinin gələcək dinamikası necə görünür" sualı, əslində, "Rusiya- Azərbaycan münasibətlərinin gələcək dinamikası necə görünür?" şəklində də qurula bilər. Bu iki - az qala eynihüquqlu kimi görünən cümlələrdə ibtidai fərq öz yerində, bunun yanında digər fərqlər də vardır. Əsas məsələ nədir? - Münasibətlərdə nə vaxt gərginlik olubsa, günah qarşı tərəfin üzərində qalıb - bu, birmənalıdır. İkincisi, münasibətlərin düzəlməsində biz - 100 faizə qarşı - ən çoxu 49 faiz maraqlıyıqsa, Rusiya ən azı 51 faiz maraqlıdır. Üçüncüsü, barış, dialoq, anlaşma bizə nə qədər yaraşırsa, prinsipiallıq, siyasi iradə də bizə bir o qədər yaraşır".

Bu fikirləri araşdırmaçı-yazar, türkoloq Əkbər Qoşalı Olaylar.az-a açıqlamasında deyib. Türkoloq bildirib ki, Prezidentin köməkçisi Hikmət Hacıyevin açıqlaması göstərir ki, Bakı-Moskva xətti hazırda "situativ gərginlikdən idarəolunan normallığa dönüş" mərhələsindədir. Azərbaycanın vurulan təyyarə ilə bağlı rəsmi üzr, araşdırma və kompensasiya tələblərinin yerinə yetirilməsi iki vacib nəticə doğurdu:
Bunlar, məsuliyyətin hüquqi-siyasi çərçivədə tanınması və münasibətlərin emosional yox, dövlət məntiqi ilə tənzimlənməsidir.
Bəs gələcək dinamikaya baxdıqda nə görürük?
Azərbaycan Rusiyaya münasibətdə artıq "klassik" məzmunlu (əslində, məzmunsuz!) "arxa bağça" kimi deyil, bölgəsəl güc və suveren oyunçu statusunda çıxış edir. "Arxa bağça" Kremlin öz ağlınca bizə yaraşdırdığı bir "status" olub. Bakı öz strateji xəttini - Türk Dövlətləri Təşkilatı, Qərb institutları və bölgəsəl daşımaçılıq-kommunikasiya layihələri ilə çoxşaxəli siyasəti - dəyişməyib. Moskva isə bu gerçəkliyi qəbul edərək münasibətləri gərginlikdə saxlamamalı, praqmatizm nümayiş etdirməyə çalışmalıdır.
Gəlin indi "Proseslərin davamı necə ola bilər?" sualına cavab tapmağa çalışaq:
Birincisi, selektiv işbirliyi modeli güclənəcək - enerji, logistik, təhlükəsizlik üzrə dialoq qalacaq, amma hər iki tərəf bir-birinin iç və dış siyasətinə müdaxilə mövzusunda həssas olacaq. Biz zatən heç bir dövlətin iç işlərinə qarışmırıq...
İkincisi, risklər tam aradan qalxmayıb - Ukrayna müharibəsi fonunda Rusiyanın bölgəyə münasibəti dəyişkəndir; buna görə Bakı hər zaman strateji aralığı qoruyacaq;
Üçüncüsü, yeni dəngə formalaşır: Azərbaycan artıq öz suveren çıxarlarını açıq şəkildə ifadə edən, tərəfdaşlıq şərtlərini özü müəyyənləşdirən aktordur;
Nəhayət, dördüncüsü, bölgədəki güc nisbəti dəyişdikcə, Moskva-Bakı münasibətləri də "rəqabətli işbirliyi" formatında davam edəcəkdir...
"Təyyarə hadisəsindən sonra yaranmış gərginlik nə qədər ciddi olsa da, Azərbaycanın prinsipial tələblərinin qəbul edilməsi göstərdi ki, Bakı bölgəsəl siyasətdə öz sözünü deyən haqlı tərəfdir. Gələcək münasibətlər də məhz bu tarazlıq üzərində - suverenliyə sayğı, praqmatizm prinsipləri ilə inkişaf etməlidir," - deyə araşdırmaçı-yazar əlavə edib.
Dövlətimiz zaval görməsin!
Lamiyə Cəbrayılova