Azərbaycan və Gürcüstan dəfələrlə dezinformasiyanın hədəfinə çevrilib– Ekspert
20:47 SiyasətAzərbaycan və Gürcüstan dəfələrlə dezinformasiyanın hədəfi olub.
Bunu Trend-ə müsahibəsində "Eurocracy - Former Europe" adlı gürcü proqramının aparıcısı İoane Şaişmelaşvili Azərbaycanda "İctimai etimadın formalaşdırılmasında medianın rolu və informasiya təhlükəsizliyi" mövzusunda keçirilən Azərbaycan-Gürcüstan Media Forumu çərçivəsində bildirib.
Onun sözlərinə görə, feyk xəbərləri vaxtında aşkar etmək və onları ifşa etmək olduqca vacibdir və bu, yalnız etibarlı mənbələrə əsaslanmaqla mümkün olur.
"Ölkələrimiz strateji tərəfdaşlardır və media platformaları arasında əlaqələri inkişaf etdirmək bizim üçün son dərəcə önəmlidir. Siyasətçilər, iş adamları və digər fikir liderləri cəmiyyətlə məhz media - televiziya, radio, internet və sosial şəbəkələr vasitəsilə ünsiyyət qururlar. Buna görə də media dəqiq informasiyaya malik olmalı və milli təhlükəsizliyin maraqları naminə fəaliyyət göstərməlidir", - deyə İ. Şaişmelaşvili bildirib.
O vurğulayıb ki, forum təcrübə mübadiləsi üçün mühüm imkan yaradır:
"Biz Gürcüstandakı vəziyyət barədə danışırıq, həmkarlarımız isə Azərbaycandakı vəziyyətdən - qanunvericilikdən, hüquqi əsaslardan, praktiki nümunələrdən, problemlərdən və onların həlli yollarından bəhs edirlər. Bu, media platformaları arasında, ümumilikdə isə ölkələrimiz arasında əməkdaşlığın möhkəmləndirilməsi baxımından çox vacibdir."
İ. Şaişmelaşvili həmçinin dövlət dəstəyinin zəruriliyini vurğulayıb:
"Dövlət milli səviyyədə prioritetləri müəyyənləşdirməli və qarşıdakı əsas çağırışları bizimlə bölüşməlidir. Media isə informasiya məkanının necə formalaşdırılması və vacib mesajların auditoriyaya necə çatdırılması üzərində işləməlidir."