Mehdiyevlə adı hallanan sabiq deputatın başı dərddə: reallıq üzə çıxdı – RƏSMİ
19:08 Siyasət"Karmen" şirkətinin un kisələrindən siçanların çıxması ilə bağlı yayılan video sosial şəbəkələrdə ciddi narazılıq yaradıb. Hadisə həm Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) un anbarlarına nəzarət mexanizmlərini gündəmə gətirib, həm də belə halların yarada biləcəyi sağlamlıq riskləri ilə bağlı narahatlığı artırıb.
İstehlakçılar bununla bağlı nəyə diqqət etməlidirlər? Buna görə hansı tədbirləri görmək lazımdır?
Globalinfo.az-a danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib ki, belə hallarda mütləq şəkildə AQTA-ya məlumat verilməlidir:

Eyyub Hüseynov
"Siçanın həmin yerə hansı proses zamanı düşməsi ayrıca araşdırılmalı məqamdır. Çünki müəssisədə buğdanın üyüdülməsi və kisələrin ağzının tikilməsi də daxil olmaqla bütün əməliyyatlar avtomatik avadanlıqlar vasitəsilə həyata keçirilir. Fakt mövcuddursa, araşdırma da aparılmalıdır. Siçanlar insan orqanizmi üçün çox ciddi xəstəlik daşıyıcıları ola bilər".
Qida təhlükəsizliyi üzrə mütəxəssis Ağa Salamov bildirib ki, burada əsas məsələ unun hansı şəraitdə saxlanılmasıdır:

Ağa Salamov
"Hansısa şirkətin təhvil verdiyi sexdə bu halın baş verməsi mümkündür. Həmçinin ola bilər ki,"Karmen"in istehsal olunduğu müəssisədə un kisələrə yığılan zaman prosesə düzgün nəzarət edilməyib. Digər ehtimal isə məhsulların uyğun şəraitdə saxlanılmamasıdır. Bu zaman gəmirici və həşəratlara qarşı dərmanlama aparılmadığı üçün siçanlar un kisələrinə daxil ola bilər. İstisna deyil ki, "Karmen" anbara nəzarəti düzgün təşkil edib və dərmanlama prosesini yerinə yetirib. Çox güman ki, problem məhsulun kisə ilə daxil olduğu şöbədə, məsələn, şirniyyat sexində baş verib. Çünki əməkdaşlar qəbul zamanı kisələrin vəziyyətini yoxlamalıdırlar. Siçanı kisənin içinə yerləşdirərək ağzını tikməyiblər ki?! Deməli, o, haradasa kisəni deşərək içəri keçib. Un qəbul edilərkən bu niyə aşkarlanmayıb? Məsələ budur. Əgər qəbul zamanı heç bir problem görülməyibsə, bu halda məsuliyyət məhsulu qəbul edən sexin üzərinə düşür, çünki orada dərmanlama prosesi aparılmayıb. Bütün bunlar yalnız araşdırma nəticəsində dəqiqləşə bilər. Gigiyena qaydalarının harada pozulduğu mütləq müəyyən edilməlidir".
Məsələ ilə bağlı AQTA-ya sorğu ünvanladıq. Qurumdan bildirildi ki, həmin görüntülər bir neçə il əvvələ aiddir.
Qeyd edək ki, "Karmen" şirkəti sabiq deputat, tanınmış iş adamı Əsabil Qasımova məxsusdur. Bu günlərdə onun adı dövlət çevrilişinə cəhd ittihamı ilə təqsirləndirilən Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə birgə hallanır. Qasımovun R.Mehdiyevin yaxın adamı olduğu, vaxtilə onun dəstəyi ilə deputat mandatı qazandığı deyilir. Lakin özü səsləndirilən iddialar haqda açıqlama verməyib.
Ləman İmran