Film, film, film....
Film sənətin bir növü olub, hərəkət edən şəkilləri təsvir edir. Hazırda kinoteatr və televiziyalarda ağ-qara, rəngli, səssiz, səsli və musiqili filmlər mövcutdur
2 Sentyabr 2021 11:17 Teatr və kinoFilm sənətin bir növü olub, hərəkət edən şəkilləri təsvir edir. Hazırda kinoteatr və televiziyalarda ağ-qara, rəngli, səssiz, səsli və musiqili filmlər mövcutdur. Film həm də kinematoqrafiya elminin əsas predmeti sayılır. Film sənətinin yaranması XX əsrdə göstərilən "sehrli lampa" (lat. Laterna magica) ilə başlamışdı. Bu qurğu ilə şüşə üzərində çəkilmiş şəkil ardıcıllığını divara salmaqla göstərmək olurdu. Qurğu əl vasitəsilə çalışırdı.
İlk filmlərin əsasında daha çox cizgi dururdu. Filmin sonrakı inkişafı fotoqrafiya ilə bağlı olub. Yozef Niepse işığın müəyyən səthdə saxlanması üsulunu inkişaf etdirdikdən sonra Luiz Daqürr bu sahədə irəliyə doğru daha bir addım ataraq 1839-cu ildə özünün "Daqürretopiya" qurğusunu düzəldir. Bununla da ilk dəfə olaraq təbiətin əksini almaq mümkün olmuşdur. Daqürrotopiya əşyanın metal üzərindən foto pozitividir.
Filmlərin çəkilişinə qədər hələ çox texniki maneələr aradan qaldırılmalı idi. Ayrıca şəkil üçün tətbiq olunan işıqlandırma vaxtı çox uzun idi. Bu sahədə dönüş 1872-ci ildə fotoqraf Edvard Meybridj tərəfindən atın hərəkətini çəkməsi ilə baş verir. Sonralar Ernst Kolrauş 1890-cı ildə Rayn ətrafında özü düzəltdiyi xronofotoqrafla ardıcıl şəkillər çəkir. Alman ixtiraçısı Ottomar Anşuts və fransız Etinne Marey düzəltdikləri "tez oxuyan elektrik qurğu" ilə bu sahədə irəliyə doğru növbəti addımı atmış olurlar. 1893-cü ildə Mareyin assistenti Demeni fotoxronoqrafiya qurğusuna patent alır.
Fransız Luiz Le Prins İngiltərədə ilk birobyektivli film kamerasını düzəldir. 1888-ci ildə o bu kamera ilə şəkillər çəkir, bunlara artıq film demək mümkün idi.
Luiz Le Prinsin ixtirası ilə tanış olmayan Villiyam Dikson 1891-ci ildə Tomas Edisonun müəssisəsində kinetoskop və kinemotoqrafı ixtira edir. Bu qurğuda sellüloid film lentləri obyektivin qarşısından keçirilə bilirdi. Ancaq bu kinetoskopdan yalnız bir nəfərin istifadəsi mümkün idi. Bu Inkişaf ardıcıllığından sonra isə dünyada çəkilən ilk film El Apóstol - 1917-ci ildə çəkilmişdir.Ölkəmizdə isə ilk film 1898-ci il avqustun 2-də Bakıda Azərbaycan kinematoqrafının istehsalı olan ilk qısametrajli, səssiz film ("İlişdin") nümayiş olunub. İlk filmlər fotoqraf və nasir Aleksandr Mişonun çəkdiyi xronika süjetlər ("Bibiheybətdə neft fontanı yanğını", "Balaxanıda neft fontanı", "Şəhər bağında xalq gəzintisi", "Qafqaz rəqsi", "Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi və s.) və bir bədii kinosüjetdən ("İlişdin") ibarət idi.
1915-ci ildə Qafqazda Pirone qardaşlarının açdığı səhmdar cəmiyyətləri (ticarət evləri) tərəfindən Bakı, Tiflis, Yerevan şəhərlərində prokat kontorları yaradılıb. 1915-ci ildə adı çəkilən cəmiyyət neft sənayeçilərinin pulu ilə İbrahim bəy Musabəyovun "Neft və milyonlar səltənətində" romanı əsasında eyniadlı ilk Azərbaycan bədii filminin çəkilişinə başlayıb. Filmi çəkmək üçün Peterburqdan rejissor Boris Svetlov dəvət olunub. Təbiət mənzərələri Bakıda və ətraf kəndlərdə, pavilyonla bağlı səhnələr isə Tiflisdə çəkilib. Filmdə Lütfəli bəy rolunu Hüseyn Ərəblinski oynayıb.
1916-cı ildə Bakıda Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettası əsasında ilk Azərbaycan kinokomediyası çəkilib.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə hökumət bir çox mədəni-siyasi islahatlar keçirib. Xarici aləmlə diplomatik, mədəni-iqtisadi əlaqələr dünya kinosunun ilk nümunələrinin Bakıya gətirilməsinə və ictimai baxışlara təkan verib. Bunun nəticəsində Bakıda kinematoqrafiya həvəskarlarının sayı artmağa başlayıb. 1918-ci ildə onlar "Kinematoqrafiya və teatr qulluqçuları şurası"nda birləşiblər. "Azərbaycanfilm"də indiyədək iki mindən çox müxtəlif növ və janrda film istehsal olunub. Onların bir hissəsi, o cümlədən "Arşın mal alan", "Şərikli çörək", "Ad günü", "Sevinc buxtası", "İstintaq", "Yaramaz" və başqaları Dövlət mükafatlarına, bir çox filmlər, o cümlədən "Ögey ana", "Uzaq sahillərdə", "Arşın mal alan", "Bizim Cəbiş müəllim", "Axırıncı aşırım", "Nəsimi", "Özgə vaxt", "Sarı gəlin", "Ovsunçu", "Buta", "Çölçü", "Nabat", "Axınla aşağı" və digərləri beynəlxalq və digər kinofestivalların mükafatlarına layiq görülüb.
Bu gün filmlər həyatımızın ayrılmaz bir parçasına çevrilib. Dünyada hər gün minlərlə film çəkilib, təqdim edilir. Məhz izləyicilərə xitab edən filmlər özlərində fərqli və sətiraltı mesajlar verir. Həmin mesajları çox zaman izlədiyimizdə anlamasaq da, şüuraltımızda yer tutur və həyat tərzimizə, baxış açımıza təsir göstərir . Keçmiş dövrə nəzərən indiki dövrə baxdıqda, film sahəsində inkişaf getdikcə daha çox artıb. Hazırda bir çox filmlər 21 -ci əsrin tələblərinə uyğun olaraq müasir texnologiyaların vasitəsilə daha keyfiyyətli şəkildə çəkilərək izləyicilərə təqdim olunur. Hətta müasir dövrün tələblərinə uyğun olaraq 3D formatlı filmlərin çəkilişi də çoxluq təşkil edir. Azərbaycanda bir çox sahələr üzrə inkişaf prosesi artmaqdadır və həmçinin qeyd etmək lazımdır ki, digər sahələrdə inkişaf etmə ardıcıllığına film sektoru da daxildir. Azərbaycanda film sahəsinin inkişaf etdirilməsi daha çox diqqət çəkən mövzulardan biridir. Film sahəsinin həddən artıq qəliz bir sahə olduğu danılmazdır.Son dövrlər film sahəsində olan inkişaf danılmazdır. Artıq yeni çəkilən filmlərin sayı da həddən artıq çoxalıb. Keyfiyyətə gəldikdə isə bunu daha dəqiq, izləyicilərin sosial şəbəkələrdə bildirdikləri rəylər nəticəsində bilmək olar. Bunu da qeyd etmək lazımdır ki, film janrları arasında komedik janr üstünlük təşkil edir. Bu gün izləyicilərin marağına və daha çox izlənməsinə səbəb olan filmlər əsasən komedik janrda çəkilən filmlərdir. Lakin bir çox izləyicilərin sevərək izlədiyi filmləri bəzi izləyicilər sevmir , filmlərin peşəkarlıq səviyyəsinin aşağı olduğunu bildirir və onlara heç bir mesaj ötürmədiyini vurğulayırlar.eyə fikir formalalaşıb. Bəs bu mənfi fikirlərin olmaması üçün nə etməliyik, Azərbaycanda hal-hazırda hansı janrda filmlər daha çox üstünlük təşkil edir və yeni çəkilmiş filmlərin cəmiyyətə ötürdüyü mesajlar nədən ibarətdir?
Tanınmış rejissor Kənan M.M. bildirib ki,hələ ki, insanlara bir mesaj vermək kimi şansımız yoxdur:
"Hal-hazırda pandemiya ilə bağlı olaraq, incəsənət sahəsində durğunluq yaşanır. Kinoteatrların bağlı olması tamaşaçıları filmdən soyudur, bunların bərpa olunması üçün zaman lazımdır. Düşünürəm ki, bu dəqiqə heç kim film haqqında fikirləşmir. Bu da təbii ki, çox pis haldır. Mən demək olar ki, Azərbaycanda çəkilən filmlərin hamısını bəyənmişəm. Bəzi kommersiya xarakterli komediyalar istisna olmaqla. Film kinoteatrda az izlənilirsə, bu o demək deyil ki, o pis filmdir. Bu o deməkdir ki, onu başa düşən tamaşaçı kütləsi azdır. Məsələn, "Hollywod"dan milyardlarla pul xərclənmiş bir film gəlir və Azərbaycanın hər hansısa komediya filmi ondan çox izlənilirsə, bu o demək deyil ki, bu film "Hollywod" filmindən daha keyfiyyətli, daha maraqlıdır. Çox təəssüf ki, insanlara maarifləndirici filmlər lazım deyil. Məsələn, komediya janrının trend olduğu bir vaxtda mən iki dram filmi çəkdim. Hər kəs mənə "sən dəlisən, pulunu batıracaqsan" deyirdi. Doğrudur, insanlar pul xərcləyir, film çəkir və təbii ki, bunun pulunu çıxarmaq lazımdır. Mənim ali məqsədim isə, bu deyil, sənət nümayiş etdirmək idi. Mən tamaşaçının nə istədiyini başa düşə bilmirəm, anlamıram. Nümayiş etdirilən film kinoteatrlarda kifayət qədər izlənilmir, amma "YouTube"da bəyənilir, təriflənir. Məsələn, kimsə "heyif deyil əvvəlki filmlər" deyir. Bu fikri 40 yaşından yuxarı biri bildirə bilər. 20 yaşındakı tamaşaçı nə "Qaynana", nə "Bizim Cəbiş müəllim", nə də bir başqa keçmiş Azərbaycan filmlərini izləmir. Bütün gün "YouTUbe"da vinerləri izləyirlər."
Gənc aktrisa Zarina Qurbanovanın sözlərinə görə, əvvəllər komediya janrında daha çox filmlər çəkilirdi: "Kinoteatrlarda bu tərz filmlərə daha çox təlabat var idi, nəinki digər janrlarda olan filmlər. Son zamanlarda tamaşaçılarda dram janrına maraq yaranmışdı, çünki, xatırladığım qədər pandemiyadan öncə bir-iki film çıxdı, kütlə toplamağı bacardı, lakin, pandemiya ilə bağlı dayandırıldı. İndi film sahəsində zəiflik müşahidə olunsa da, yenə də, kinostudiyada 44 günlük zəfərimizə aid bir neçə film istehsalı var. Təbii ki, bunu əbədiləşdirmək, gələcək nəslə, bütün ölkələrə çatdırmaq çox gözəl haldır. Bununla yanaşı, narkomaniyaya aid bir neçə film çəkilir ki, bu da hal-hazırda gənc nəslin problemlərindən biridir. Hətta mən özüm də film olmasa belə, "YouTube" üçün narkomaniyaya aid bir proyektdə iştirak edirəm. Çəkiliş zamanı başa düşdüm ki, bu və digər narkomaniyaya aid çəkilən filmlər valideynlər, gənclərimiz və əsasən yeniyetmələrimiz üçün çox maarfiləndirici xarakter daşıyır.
Mən düşünürəm ki, ssenaristlərimiz daha da güclənsə, ənənəvi fikirlərdən- məişət, qaynana-gəlin problemləri kimi mövzulardan bir addım kənara çıxsalar və daha çox dünyəvi mövzulara müraciət etsələr, biz "Netflix" kimi dünyaca məşhur platformalara gedib çıxa bilərik. Hesab edirəm ki, bu sahə üzrə maliyyələr artırılsa, Azərbaycanda film sahəsində indikindən daha çox uğur əldə edilə bilər. Hər şey ssenaristin özündən asılıdır. Çünki, düşünürəm ki, hal-hazırda Azərbaycanda yetəri qədər bacarıqlı aktyor və aktrisalar var".
Məşhur klipmeykr olan Nail Naiboğlu isə deyib ki, bir klipmeykr olaraq mənim bu məsələ ilə bağlı ətraflı məlumat verməyim düzgün çıxmaz: ".Lakin sevdiyim filimləri qeyd edə bilərəm. Azərbaycan filmlərini çox xoşlayıram. Amma içlərində bəyənmədiklərim də var və daha çoxdur. Ümumiyyətlə mənə elə gəlir ki, Azərbayan kinosunda sonuncu dəfə ən çox bəyəndiyim filim "Təhminə və Zaur" filmi olub. Bu filmdən aldığım zövqü, o dövrdən aldığım zövqü hal-hazırda çəkilən filmlərin heç birindən almamışam. Təbii ki qeyd etdiyim kimi içlərində yaxşıları da var. Məsələn Oksana Rəsulovanın çəkildiyi və özünün prodüsserlik etdiyi filmi qeyd edə bilərəm. Bir neçə film var ki bəyənirəm . Amma öz şəxsi fikrimə əsaslanaraq deyə bilərəm ki, Azərbaycanda ən gözəl çəkilən film "Təhminə və Zaur" filmidir. O ki qaldı filmlərin ötürdüyü mesajlara, bu barədə heç bir şey düşünmürəm"
Mehriban Xəlilli