Azərbaycan 1,5 milyard kubmetr qaza qənaət edə bilər - Elnur Soltanov

Azərbaycan bərpa olunan enerji mənbələrinin inkişafı və enerji sisteminin modernləşdirilməsi hesabına 1,5 milyard kubmetr qazı sərbəstləşdirə bilər.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov Bakıda Azərbaycan-Amerika Ticarət Palatasının (AmCham Azerbaijan) təşkil etdiyi "TECHNOVATION: Davamlı İqtisadi Transformasiya üçün Elm və İnnovasiya" mövzusunda tədbirdə bildirib.

"Azərbaycanda bərpa olunan enerji mənbələrinin payının artırılması hesabına enerji balansının şaxələndirilməsi davam edir. Bu isə təbii qazın ixrac üçün sərbəstləşdirilməsinə imkan yaradır. Əvvəllər Azərbaycanda elektrik enerjisi istehsalının təxminən 95 faizi təbii qazın payına düşürdü. Generasiyanın bir hissəsinin bərpa olunan enerji mənbələri ilə əvəzlənməsi yüksək ixrac dəyərinə malik təbii qaz həcmlərinin sərbəstləşdirilməsinə şərait yaradır. Azərbaycan strateji tərəfdaşı "Masdar" ilə əməkdaşlıq çərçivəsində 2027-ci ilədək bərpa olunan enerji mənbələrinin gücünü 2 qiqavata çatdırmağı planlaşdırır. Enerji sisteminin modernləşdirilməsi çərçivəsində Mingəçevirdə güclərin yenilənməsi, o cümlədən köhnəlmiş turbinlərin dəyişdirilməsi həyata keçirilir ki, bu da generasiyanın səmərəliliyini artırmağa imkan verib", - deyə o bildirib.

Onun sözlərinə görə, yeni güclərin yaradılması və modernləşdirmənin ümumi effekti təxminən 1,5 milyard kubmetr təbii qazın sərbəstləşdirilməsinə imkan verəcək ki, bu da böyük qaz yatağının həcmi ilə müqayisə oluna bilər.

E.Soltanov qeyd edib ki, bərpa olunan enerji mənbələrinin enerji sisteminə inteqrasiyası üçün elektrik şəbəkəsi infrastrukturunun modernləşdirilməsi tələb olunur və bunun üçün təxminən 500 milyon dollar həcmində investisiya lazımdır.

O, enerji təhlükəsizliyi və ekoloji hədəflərlə yanaşı, enerji layihələrinin iqtisadi səmərəliliyinin təmin edilməsinin vacibliyini vurğulayıb.

Nazir müavinin sözlərinə görə, enerji siyasətinin həyata keçirilməsi zamanı ölkənin coğrafi və infrastruktur xüsusiyyətləri, eləcə də layihələrin miqyasının artırılması ilə bağlı çətinliklər də daxil olmaqla mövcud məhdudiyyətlər nəzərə alınır.

E.Soltanov bildirib ki, Azərbaycan Xəzər regionu da daxil olmaqla əhəmiyyətli enerji potensialına malikdir. Bu potensial eyni zamanda həm imkanlar, həm də infrastruktur çağırışları yaradır.

O əlavə edib ki, enerji siyasətinin prioriteti ekoloji məqsədlər, enerji təhlükəsizliyi və layihələrin iqtisadi dayanıqlığı arasında balansın təmin edilməsidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31