Zaxarovanın hədəsi, Paşinyanın qələbəsi: Moskva İrəvanı necə cəzalandıracaq?- ÖZƏL
17:45 SiyasətErmənistandakı seçkilərin ardından daxili və xarici siyasi gərginlik artır. Siyasi analitik Armen Badalyan qeyd edib ki, müxalifət liderləri nəticələri tanımadığı üçün seçki prosesi tamamlanmış sayıla bilməz. Onun sözlərinə görə, bu proses geosiyasi güclərin rəqabətidir və Rusiyanın verəcəyi reaksiya həlledicidir. Hazırda KTMT və Avrasiya İqtisadi Birliyi ölkələrindən yalnız Qazaxıstan Nikol Paşinyanı təbrik edib.
Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova isə seçkilərdə demokratik prinsiplərin, müxalifətin və Erməni Apostol Kilsəsinin hüquqlarının kobud şəkildə pozulduğunu, repressiyaların baş verdiyini iddia edib. Zaxarova Paşinyanın partiyasına dəstəyin azaldığını və Rusiyanın gələcək kursunu İrəvanın real addımlarına uyğun quracağını vurğulayıb.
Rusiya Paşinyanın qələbəsini tanımaya bilərmi? Bu halda nə baş verəcək? Mariya Zaxarovanın sərt bəyanatını nəzərə alsaq, Rusiya Paşinyan hakimiyyətinə qarşı hansı real iqtisadi və ya hərbi rıçaqları işə sala bilər?
Mövzu ilə bağlı politoloq Tural İrfan Olaylar.az-a açıqlama verib:
"Rusiya Ermənistanda prosesi izləyir. Əgər nailiyyət ehtimalı minimum olarsa geri çəkiləcək. Lakin Rusiyanın seçkiləri tanımaması ağlabatan deyil. Bir qədər uzansa da sonda tanımalı olacaq. Paşinyanın komandasının üstünlüyü məlumdur və Rusiyanın namizədinin qələbəsi real deyil. Əgər daxildə müəyyən təxribatlar və siyasi rıçaqlarını işə salmaqla hansısa üstünlük əldə edə bilməsə Moskva iqtisadi yöndən Ermənistana təziq edə bilər. Bazalarla bağlı problemin yaranması isə artıq hərbi müstəvidə həll yoluna apara bilər ki, bu zaman işə Avropa və ABŞ qarışmalı olacaq. Müxalifətin seçkilərin nəticələrini tanımaması prosesə həlledici təsir göstərə bilməz. Ermənistanda Paşinyan hakimiyyətinin qalmasında maraqlı olan ABŞ və Avropa əsla Rusiyaya Ermənistanda təsirini artırmağa imkan verməz. Çünki bu, həm regionun yenidən qarışması və Avropa və ABŞ-nin maraqlarının suya düşməsi olardı. Erməni Apostol Kilsəsinin hüquqlarından Rusiya danışa bilməz. Əgər lazımsa bununla bağlı Roma Papası yaxud digər dini liderlər danışa bilər. Çünki Kilsə siyasi qurum deyil və Rusiyanın da səfirliyi kilsədə yerləşmir. Risiyanın Ermənistanda keçirilən seçkilərə münasibəti qərəzlidir. Hazırda Ermənistan üzərindən Rusiya və Qərbin mübarizəsi gedir. Risiya mümkün qədər Köçəryanın və Kilsəsinin əli ilə Ermənistanda öz təsirini qorumağa çalışacaq. Bütün bunlara rəğmən vəziyyəti gərginləşdirəcəyi ehtimalı azdır. Ona görə ki, Rusiya hazırda Ukrayna qarşısında geriləmə vəziyyətindədir. İqtisadi durum xeyli ağırdır, beynəlxalq təziqlər də artır. Üstəlik Ermənistana müdaxilə ilə özünə qarşı ikinci cəbhə açmaqla məğlubiyyətini tezləşdirə bilər".
Zeynəb Mustafazadə