Cəlilabad ədəbi mühitindən yeni kitab...
10:26 SosialQəzəlxan şair Ustad Əfrahim Abbasın işıq üzü görmüş doqquzuncu ədəbi kitabının təqdimatı
Son günlər ərzində işıq üzü görmüş yeni kitablardan biri də Cəlilabad ədəbi mühitinin görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Jurnalistlər Birliyi və Turan Yazarlar Birliyinin üzvü, Prezident mükafatçısı, Ümumrespublika ədəbi müsabiqəsinin qalibi, "Qızıl Qələm" Media Mükafatı, TYB-nin Ödülü, "Həməşəra" və "Nizami Gəncəvi" Fəxri Diplomları, "Turan Ödülü" laureatı, veteran pedaqoq, ədəbiyyatşünas, yazıçı-publisist, esseist, ustad şairimiz Əfrahim Abbasın "Dünya mənim içimdədir" adlı şeirlər və qəzəllər toplusudur.
Ümumi məlumat:
Kitabın adı: "Dünya mənim içimdədir" (Şeirlər və qəzəllər)
Müəllif: Əfrahim Abbas
Ön söz: Əlizadə Nuri (AYB-nin üzvü, "Dəfnə yarpağı", "Hüseyn Cavid" və "Məmməd Araz" mükafatları laureatı, şair)
Korrektor və təqdimat: İlqar İsmayılzadə (fəlsəfə üzrə fəlsəfə doktoru, AYB, AJB və TYB-nin üzvü, yazıçı-publisist)
Nəşrə hazırlayan: "Həməşəra" mətbu orqanı
Naşir: "İmza" Nəşrlər Evi, Bakı
Nəşr olunduğu il: 2026
Çap növbəsi: Birinci
Kağız formatı: 60x90 1/16
Səhifə sayı: 188 səhifə.
Kitab barədə:
Kitab tanınmış şair Əlizadə Nurinin ustad şairimiz Əfrahim Abbasın yaradıcılığı və şeir sahəsində xüsusi peşəkarlığı barədə qələmə aldığı ön sözlə başlamış, ardınca mənim ustad şair Əfrahim müəllimin həyat yolu və ədəbi yaradıcılığı barədə geniş təqdimatımla davam etmişdir. Məhz bundan sonra onun qələmə aldığı onlarla bir-birindən gözəl və mənalı şeir və qəzəlləri təqdim edilmişdir.
Görkəmli ustad şairimiz Əfrahim Abbasın oxucularının görüşünə gəlmiş doqquzuncu kitabı onun müxtəlif illərdə qələmə aldığı və müxtəlif mövzuları ehtiva edən bir-birindən gözəl, sərrast və dərinmənalı şeirləri və qəzəllərinin toplusudur.
"Dünya mənim içimdədir" şeirlər və qəzəllər kitabı şairin illər boyu qəlbində yığılıb daşan düşüncələrinin, hisslərinin və mənəvi axtarışlarının poetik ifadəsidir. Kitabda yer almış 125-dən çox şeir və qəzəllərdə sevgi, vətən, ana, insan, zaman, həsrət, ayrılıq, ümid, inam və fəlsəfi düşüncələr öz sözünü deyir.
Ustad Əfrahim Abbasın doqquzuncu kitabı əslində oxuculara öz daxili dünyasına açılan bir pəncərə təqdim edir.
Həmin şeirlər və qəzəlləri oxuyarkən şairin daxili duyğularının nə qədər təmiz, saf və əsrarəngiz olduğu ilə yanaşı əsil və həqiqi ustad şair olduğunu təsbit etmək mümkündür.
Təşəkkür və arzular!
Burada fürsətdən istifadə edib Cəlilabad ədəbi mühitinin görkəmli siması və ustad şairlərindən olan Əfrahim müəllim Abbası nəşr edilmiş sayca doqquzuncu kitabı münasibətilə ürəkdən təbrik edir, kitabın nəşrə hazırlanması sahəsində mənə göstərdiyi etimada görə səmimi minnətdarlığımı bildirirəm!
Ədəbi mühitimizin ustad şairi, eyni halda öz davranışı və danışığı ilə ziyalı siması və "Əfrahim dədə"sinə çevrilmiş dəyərlimiz Əfrahim müəllimə Ulu Tanrıdan uzun, sağlam və mənalı-məsud ömür, yeni-yeni yaradıcılıq uğurları arzulayıram!
Bu arada kitabın yüksək keyfiyyətlə nəşrində rolu olmuş "İmza" Nəşrlər Evinin rəhbəri, dəyərli qardaşım Səbuhi bəy Aslana və eləcə də kitabın peşəkar dizayneri, dəyərlimiz Nigar xanım Sadıqovaya təşəkkürümü bildirir, onların hər birinin məsud olmasını arzulayıram!
İlqar İsmayılzadə
(fəlsəfə üzrə fəlsəfə doktoru, "Həməşəra" mətbu orqanının təsisçisi və baş redaktoru, AJB, AYB və TYB-nin üzvü, Turan Xalq yazarı, teoloq, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist)