Ağır çantalar, yorğun beyinlər: Məktəblilərin fiziki və zehni yükünü necə azaltmalı?

Məktəbli çantasının çəkisi son günlər sosial şəbəkələrdə müzakirə olunan mövzulardan birinə çevrilib. Xüsusilə 5-ci sinif şagirdlərinin istifadə etdiyi bəzi çantaların çəkisinin 12 kiloqrama qədər çatdığını göstərən görüntülər valideynlərin ciddi narazılığına səbəb olub. Paylaşılan kadrlarda uşaqların gündəlik dərsə gedərkən kifayət qədər ağır yük daşıdığı, çantaların isə məktəb ləvazimatları, dərsliklər və digər zəruri əşyalarla birlikdə çəkisinin əhəmiyyətli dərəcədə artdığı görünür. Məsələ yalnız sosial şəbəkələrdə yayılan görüntülərlə məhdudlaşmır. Valideynlər uzun müddətdir məktəb çantalarının ağırlığı ilə bağlı narahatlıqlarını ifadə edir, xüsusilə aşağı siniflərdə oxuyan uşaqların hər gün çoxsaylı kitab və dəftəri məktəbə aparmasının nə dərəcədə zəruri olduğunu sual edirlər. Onların fikrincə, uşağın məktəbə hazırlığı üçün lazım olan bütün vəsaitlərin eyni vaxtda çantada daşınması məktəbliyə əlavə fiziki yük yaradır. Əslində, məktəb çantasının ağırlığı məsələsi təhsil prosesinin gündəlik, lakin diqqətdən kənarda qala bilən tərəflərindən biridir. Dərsliklərin, iş dəftərlərinin, əlavə vəsaitlərin, dəftərxana ləvazimatlarının və bəzən məktəbdə istifadə olunan digər əşyaların bir çantada toplanması onun çəkisinin sürətlə artmasına səbəb ola bilir. Uşaqlar isə bunu hər gün evdən məktəbə, məktəbdən evə daşımalı olurlar. Burada başqa bir məsələ də ortaya çıxır: şagirdin məktəbə gətirməli olduğu vəsaitlərin sayı necə müəyyənləşdirilir və onların hamısının hər gün çantada daşınmasına həqiqətən ehtiyac varmı? Müasir təhsil mühitində dərsliklərin məzmunundan tutmuş onların fiziki formatına, məktəbdə və evdə istifadə qaydasına qədər bir sıra amillər məktəbli çantasının çəkisinə birbaşa təsir göstərə bilər. Valideynlərin narahatlığı isə əsasən bir sual ətrafında cəmlənir: təhsil prosesinin təşkili zamanı uşağın rahatlığı və sağlamlığı nə dərəcədə nəzərə alınır? Çünki məktəbli üçün çanta sadəcə kitab və dəftərlərin daşındığı vasitə deyil, onun hər gün istifadə etdiyi əşyadır. Bu səbəbdən çantanın çəkisi, ölçüsü, quruluşu və içərisinə qoyulan vəsaitlərin miqdarı da məktəb həyatının diqqət tələb edən məsələlərindən biri kimi ortaya çıxır. Sosial şəbəkələrdə yayılan 12 kiloqramlıq çanta görüntüləri də məhz bu problemi yenidən gündəmə gətirib. Bir tərəfdən valideynlər uşaqların üzərinə düşən fiziki yükdən narahatdır, digər tərəfdən isə məktəb proqramının tələbləri, dərsliklərin sayı və şagirdin gündəlik dərs hazırlığı arasında balans məsələsi müzakirə olunur. Bəs məktəb çantasının çəkisi ilə bağlı konkret norma varmı? Şagirdin gündəlik daşıdığı yük hansı həddə qədər qəbul edilə bilər? 

Mövzu ilə bağlı Olaylar.az-a danışan təhsil eksperti Elmin Nuri bildirib ki, beynəlxalq normalara əsasən, şagird çantasının çəkisi şagirdin bədən çəkisinin 10 faizini keçməməlidir. Məsələn, ibtidai sinifdə oxuyan şagirdin çəkisi 40-45 kiloqramdırsa, onun daşıdığı çanta həmin çəkinin 10 faizini, yəni 4-4,5 kiloqramı keçməməlidir. Nəzərə almaq lazımdır ki, bizdə bütün uşaqlar eyni fizioloji göstəricilərə malik deyillər. Elə uşaqlar var ki, hətta 6-7-ci sinifdə oxuyur, amma çəkisi yenə də 40 kiloqramdır. Xüsusən də qız uşaqlarında fizioloji zəiflik müşahidə olunur. Amma yuxarı siniflərdə oxuyan şagirdlər arasında da belə göstərici kifayət qədər çoxdur. Sözümün qısası, çantanın çəkisi maksimum 10 faizi keçməyən göstəricidə olmalıdır. Bu, beynəlxalq göstəricidir. Amma artıq bəzi ölkələr var ki, xüsusən Avropa təcrübəsində bu göstəricini müəyyən qədər azaldıblar. Məsələn, 8-9 faiz. Bununla yanaşı, 14 faizlik normanı saxlayan ölkələr də var. Bizdə isə vəziyyət, etiraf edək ki, bu cəhətdən ürəkaçan deyil. Adi ibtidai sinifdə oxuyan uşağın çantasını götürəndə, siz məktəblərə gedin, onların çantalarına baxın və yaxud məktəb yolunda valideynləri qarşılayın, görəcəksiniz ki, burada ən azı 5-6 kiloqramlıq bir yük var. 

Ekspertin sözlərinə görə, məktəb çantalarının ağırlığı üç istiqamətdə özünü göstərir. Birincisi, şagirdə fizioloji təsirdir. Şagird onu daşıyır və bu prosesi hər gün təkrarlayır. Nəhayət, bu, şagirddə onurğa əyriliyinə gətirib çıxara bilər. Çünki onun sümükləri hələ bərkiməyib, qığırdaqları tam möhkəmlənməyib. Təbii ki, fizioloq bu barədə məndən daha yaxşı açıqlama verə bilər, bu mənim sahəm deyil. Amma oxuduğum araşdırmalarda bunun sosial səbəblərdən biri kimi də göstərildiyini görmüşəm. İkincisi, zehni cəhətdən təsiridir. Bu nədir? Ağır çanta səbəbindən bel və onurğa əyriliyi yaşayan uşaqda qamət, düzgünlük pozulur və nəticədə onda qan dövranının hərəkətində ciddi mənfilik yaranır. Qan dövranının beynin qidalanmasında, insanın şüurunun yaxşı işləməsində bir nömrəli faktor olduğunu bilirik. Bəzən görürük ki, uşaq məktəbə artıq çatanda yorğun olur. Bunun görünən tərəfi odur ki, ayaqları və əzələləri yorulub. Amma məsələ təkcə bununla bitmir, beyin də yorulub. Qan bu müddətdə yaxşı dövr etmir və burada söhbət sizin, mənim kimi nisbətən oturuşmuş orqanizm sahibindən getmir. Burada söhbət həssas, zərif orqanizmdən gedir və qan dövranının hər gün mənfi şəkildə pozulması onun zehninə də təsir edir. Daha doğrusu, qan dövranının pozulması belə nəticələrə səbəb ola bilər. Üçüncüsü isə bu, öz növbəsində təkcə zehni yox, psixoloji sarsıntıya da gətirib çıxara bilir. Zehni maneə ilə üzləşən uşaq, təbii ki, dərslərdən geri qalır və onda demotivasiya halı yaranır. Gördünüzmü, bir çanta məsələsi nə böyüklükdə problemə gətirib çıxara bilər?

Uşaqların gündəlik məktəb yükünün azaldılması üçün hansı addımlar atıla bilər? 

Biz birinci növbədə özümüz üçün o faiz normasını müəyyənləşdirməliyik. Beynəlxalq normalardan, məsələn, 10 faizlə gedə bilirikmi, yoxsa yox? Məsələn, məndən soruşsanız, deyərəm ki, gedə bilmirik. 10 faizlik hədd hər 10 şagirddən 8-də, bəlkə də 9-da pozulur. Yaxşı, bunun üçün nə etmək lazımdır? Xaricdə çantaların xüsusi, ağırlaşdırıcı çəkisi olmayan parçalardan tikilməsi tövsiyə olunur və buna fikir vermək lazımdır. Mən deyirəm ki, şagirdin çantası yüngül parçadan hazırlansın. Yüngül parça və sintetik olmayan material şagirddə həm dərisinə ziyanı azaltmaq baxımından, həm də çantanın yüngül olması baxımından əhəmiyyətlidir. Sonra, dərsliklərin özünün çəkisini də yüngülləşdirmək lazımdır. Bunun üçün də iki istiqamət var. Birincisi, dərsliklərin iki yerə bölünməsidir. Tutaq ki, beşinci sinfin, məsələn, ədəbiyyat və ya riyaziyyat dərsliyi olsun. Birinci yarımilə qədər, yəni sentyabr-oktyabr aylarından yanvara qədər bir dərslik buraxılsın, nazikləşdirilsin. Bunun psixoloji xeyri də var. Nazik kitab şagirdin zehni ilə daha tez dostlaşır. Sonrakı yarımil üçün, yəni yanvar-may-iyun ayları üçün isə ikinci hissə buraxılsın. Burada da biz dərsliyin çəkisinin yüngülləşdirilməsinə gedirik. Sonra, mən eşitdiyimə görə, bizdə çap olunan dərsliklərin kağızının özü qalındır. Xaricdə onun da normativi var. Dərsliyin, deyək ki, beşinci sinif riyaziyyat dərsliyində istifadə olunan kağızın bir vərəqinin neçə qram olması ilə bağlı norma var. Biz ən azından təhsil yetkililəri, məsul şəxslər olaraq bu yolla getməkdə, düşünürəm ki, çətinlik çəkmərik. Zatən icad olunmuş velosipedi yenidən icad etməyə ehtiyac yoxdur. Mənim dediyim təkliflər orijinal təkliflər deyil ki, açıq danışaq. Yaxud da mən başqaları kimi "ChatGPT-yə yazıb, ChatGPT mənə təkliflər verib" demirəm. Mən oxuduğum araşdırmalarda və beynəlxalq təcrübədə tətbiq olunan üsulları deyirəm. Biz bunları edək. Bəli, orijinalını edə biliriksə, lap yaxşı. Amma hələlik ən azı bunları edək.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31