“Deepfake”lər dövründə medianın əsas gücü məlumatın dəqiqliyinə zəmanət verməkdir - Səbinə Seyidova
18:03 SiyasətSüni intellekt dezinformasiyanın yayılmasını asanlaşdırmaqla yanaşı, onun miqyasını, inandırıcılığını və hədəf auditoriyalara uyğunlaşdırılma imkanlarını da artırıb. Belə şəraitdə medianın əsas vəzifəsi məlumatı ilk dərc etmək deyil, onun dəqiqliyini yoxlamaq və ictimai etimadı qorumaqdır.
Bunu Azərbaycan Respublikası Media və Yayım Şurasının dezinformasiya ilə mübarizə şöbəsinin müdiri Səbinə Seyidova Bakıda Kiberdiplomatiya üzrə II Beynəlxalq Konfrans çərçivəsində baş tutan "İnformasiya müharibəsi və Deepfake: Rəqəmsal dövrdə həqiqətin qorunması" adlı paneldə çıxışı zamanı deyib.
O bildirib ki, süni intellektin inkişafı həm dezinformasiyanın yayılmasında, həm də ona qarşı mübarizədə tamamilə yeni mərhələ yaradıb. Əvvəllər yalan məlumat hazırlamaq, vizual kontenti manipulyasiya etmək və onu geniş auditoriyaya çatdırmaq müəyyən resurslar və texniki bacarıqlar tələb edirdisə, hazırda bu proses xeyli asanlaşıb və sürətlənib.
"Bu gün kiminsə səsini təqlid etmək, hər hansı şəxsin adından video yaratmaq və cəmi bir neçə dəqiqə ərzində hadisələrin real görünən görüntüsünü hazırlamaq mümkündür. Bu isə həm dezinformasiyanın miqyasını, həm də inandırıcılığını artırır", - deyə o qeyd edib.
Səbinə Seyidovanın sözlərinə görə, süni intellekt yalnız saxta xəbərlərin hazırlanmasını asanlaşdırmır, eyni zamanda dezinformasiya kampaniyalarının daha hədəfli və mütəşəkkil şəkildə aparılmasına imkan yaradır. Eyni məlumat müxtəlif platformalarda, dillərdə və vizual materiallarla yayıla, ayrı-ayrı auditoriyaların xüsusiyyətlərinə uyğunlaşdırıla bilər.
O vurğulayıb ki, müasir dezinformasiyanı yalnız saxta xəbər kimi qiymətləndirmək düzgün deyil: "Onu daha geniş təsir sistemi kimi anlamalıyıq".
Səbinə Seyidova qeyd edib ki, media təşkilatları ilk növbədə yayımladıqları materialların mənbəyini, ilk dərc olunma tarixini, qeydə alındığı yeri və yaradıldığı konteksti yoxlamalıdırlar. Foto və videoların əvvəlki versiyaları ilə müqayisəsi, audio və vizual detalların təhlili, məlumatların etibarlı ilkin mənbələrlə tutuşdurulması mühüm əhəmiyyət daşıyır.
O əlavə edib ki, media qurumları "deepfake"ləri aşkarlamağa kömək edən texnoloji vasitələrdən, o cümlədən süni intellekt detektorlarından istifadə edə bilərlər. Bununla belə, bu cür alətlərin heç biri 100 faiz dəqiqliyə zəmanət vermir.
Səbinə Seyidova çıxışının sonunda bir daha vurğulayıb ki, dezinformasiya ilə mübarizədə əsas məqsəd informasiya məkanında ifadə olunan fikirlərin sayını azaltmaq deyil, ictimaiyyətin həqiqətə çıxışını asanlaşdırmaq olmalıdır.