Azərbaycan-Almaniya iqtisadi əlaqələri yeni mərhələdə: Əməkdaşlıq qeyri-neft sektoruna nə verəcək? – ÖZƏL

Asif İbrahimov: "Almaniyadan təkcə avadanlıq idxal etməməli, texnologiya transferinə nail olmalıyıq"

Azərbaycan və Almaniya arasında siyasi dialoqun iqtisadi tərəfdaşlıqla möhkəmləndirilməsi ikitərəfli münasibətlər üçün yeni perspektivlər açır. Xarici işlər naziri Ceyhun Bayramovla Almaniyanın xarici işlər naziri Yohan Vadeful arasında Bakıda keçirilən görüşdə və birgə mətbuat konfransında xüsusilə investisiya və enerji sahələrində əməkdaşlığın genişləndirilməsinin əlaqələrin inkişafına verəcəyi töhfələr diqqət mərkəzində olub.

Maraqlıdır, Azərbaycanla Almaniya arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi baxımından hansı sahələr daha böyük potensiala malikdir? Bu əməkdaşlığın Azərbaycanın qeyri-neft sektorunun inkişafına, ixrac potensialına və Avropa bazarına inteqrasiyasına təsiri necə ola bilər? 

"Azərbaycan-Almaniya iqtisadi münasibətlərinin inkişafı üçün kifayət qədər böyük potensial var. Almaniya Avropanın ən böyük sənaye və texnologiya iqtisadiyyatlarından biridir. Bu ölkə ilə əməkdaşlıq Azərbaycanın yalnız xarici ticarət əlaqələrinin genişlənməsi baxımından deyil, həm də iqtisadiyyatın texnoloji modernləşdirilməsi, sənaye istehsalının inkişafı, yeni idarəetmə və istehsal standartlarının tətbiqi baxımından əhəmiyyətlidir".

Bu fikirləri sözügedən mövzu ilə bağlı Olaylar.az-a açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov bildirib. Ekspertin fikrincə, ilk növbədə, sənaye və emal sektoru üzrə əməkdaşlığın genişləndirilməsi vacibdir. Almaniya maşınqayırma, avtomatlaşdırma, sənaye avadanlıqları, kimya, əczaçılıq, mühəndislik və istehsal texnologiyaları sahələrində böyük təcrübəyə malikdir. Azərbaycanın sənaye parkları və mövcud istehsal infrastrukturu alman şirkətləri ilə birgə müəssisələrin yaradılması üçün imkanlar təqdim edir. Burada məqsəd yalnız hazır məhsul və avadanlıq idxalı olmamalıdır. Texnologiyanın ölkəyə gətirilməsi, yerli istehsalın təşkili, kadrların hazırlanması və məhsulların ixracı əsas hədəflərdən birinə çevrilməlidir. İkinci mühüm istiqamət kənd təsərrüfatı və ərzaq emalıdır. Almaniya kənd təsərrüfatında müasir texnologiyaların, avtomatlaşdırılmış istehsal sistemlərinin, suvarma və məhsuldarlığın idarə olunması həllərinin tətbiqində qabaqcıl ölkələrdəndir. Azərbaycanla Almaniya arasında bu sahədə əməkdaşlıq kənd təsərrüfatı məhsullarının istehsalından tutmuş çeşidlənməsi, qablaşdırılması, saxlanması və emalına qədər geniş sahəni əhatə edə bilər. Azərbaycanın kənd təsərrüfatı məhsullarının Avropa bazarlarına çıxarılması üçün keyfiyyət, sertifikatlaşdırma, izlənəbilənlik və logistika infrastrukturu da inkişaf etdirilməlidir.

İqtisadçının sözlərinə görə, enerji sahəsində əməkdaşlıq artıq yeni mərhələyə qədəm qoyur. Azərbaycanın Almaniyaya qaz ixracına başlaması ikitərəfli iqtisadi münasibətlər üçün əlavə imkan yaradıb. Lakin gələcək əməkdaşlıq bərpaolunan enerji, enerji səmərəliliyi, elektrik şəbəkələrinin modernləşdirilməsi, enerji saxlama sistemləri və yaşıl hidrogen texnologiyalarını da əhatə etməlidir. Almaniya şirkətləri bu sahələrdə texnologiya və investisiya tərəfdaşı kimi çıxış edə bilərlər. Azərbaycanın bərpaolunan enerji potensialı ilə Almaniyanın sənaye və texnoloji təcrübəsinin birləşdirilməsi uzunmüddətli iqtisadi fayda yarada bilər. Nəqliyyat və logistika sahəsində də ciddi perspektivlər mövcuddur. Orta Dəhliz, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Ələt Azad İqtisadi Zonası Almaniya şirkətləri üçün Avropa ilə Asiya arasında yeni logistika və istehsal zəncirlərində iştirak imkanları yaradır. Alman şirkətlərinin bu infrastruktura logistika, anbar təsərrüfatı, yükdaşıma, rəqəmsal idarəetmə və sənaye xidmətləri istiqamətində investisiya yatırması mümkündür. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma layihələrində alman şirkətlərinin iştirakı tikinti texnologiyaları, enerji infrastrukturu, su təsərrüfatı və şəhərsalma sahələrində əməkdaşlığı genişləndirə bilər. Almaniya şirkətlərinin Azərbaycana investisiya marağının artması üçün ilk növbədə proqnozlaşdırıla bilən və şəffaf biznes mühiti təmin edilməlidir. İnvestor üçün siyasi bəyanatlardan daha çox hüquqi təminatlar, müqavilə öhdəliklərinin icrası, mülkiyyət hüquqlarının qorunması, məhkəmə müdafiəsinin effektivliyi, rəqabətli satınalma sistemi və investisiyanın gəlirliliyinə təsir edən iqtisadi risklərin idarə olunması əhəmiyyətlidir. Xarici investor ölkəyə daxil olarkən qarşılaşacağı inzibati prosedurları, vergi öhdəliklərini, maliyyələşmə imkanlarını və gələcəkdə əldə etdiyi mənfəətin sərbəst istifadəsi şərtlərini aydın bilməlidir.

A. İbrahimov bildirib ki, burada bir məqama xüsusi diqqət yetirmək lazımdır: Almaniya şirkətlərinin Azərbaycanda qeydiyyatdan keçməsi hələ real investisiya fəallığının tam göstəricisi deyil. Həmin şirkətlərin neçəsinin istehsal fəaliyyəti ilə məşğul olduğu, nə qədər yerli iş yeri yaratdığı, nə qədər kapital qoyduğu, hansı həcmdə məhsul istehsal və ixrac etdiyi ayrıca təhlil edilməlidir. İnvestisiya siyasətinin nəticələri qeydiyyatdan keçmiş şirkətlərin sayı ilə deyil, ölkəyə gətirilən real kapital, yaradılan əlavə dəyər, texnologiya transferi və ixrac gəlirləri ilə ölçülməlidir. Azərbaycanın qeyri-neft sektorunun inkişafı baxımından Almaniya ilə əməkdaşlığın xüsusi əhəmiyyəti var. Çünki ölkənin uzunmüddətli iqtisadi dayanıqlılığı neft-qaz gəlirlərindən asılılığın azalmasını, rəqabətqabiliyyətli istehsalın genişlənməsini və ixracın şaxələndirilməsini tələb edir. Almaniya ilə birgə müəssisələr, texnologiya transferi, sənaye kooperasiyası və peşə təhsili proqramları bu prosesə real töhfə verə bilər. Xüsusilə Avropa İttifaqının texniki, ekoloji və keyfiyyət standartlarına uyğun istehsalın təşkili Azərbaycan şirkətlərinin Avropa bazarlarına çıxış imkanlarını genişləndirə bilər. Bunun üçün Azərbaycan-Almaniya İşgüzar Şurasının fəaliyyətini də daha praktik istiqamətə yönəltmək lazımdır. Şura yalnız görüşlər və müzakirələr platforması kimi fəaliyyət göstərməməli, konkret investisiya layihələrinin hazırlanmasına, tərəfdaşların müəyyənləşdirilməsinə, maliyyələşmə imkanlarının araşdırılmasına və layihələrin icrasına dəstək verməlidir. Hər iki ölkənin biznes dairələri arasında birbaşa əlaqələr genişləndirilməli, alman şirkətləri üçün Azərbaycanda investisiya imkanlarını təqdim edən sahəvi layihə portfeli hazırlanmalıdır.

İqtisadçının fikrincə, Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının gələcək nəticəsi daha çox ticarət dövriyyəsinin artması ilə deyil, bu münasibətlərin ölkənin istehsal və ixrac potensialına nə dərəcədə təsir etməsi ilə qiymətləndirilməlidir. Azərbaycan Almaniya ilə münasibətlərdən texnologiya, sənaye təcrübəsi, idarəetmə standartları, yeni bazarlara çıxış və insan kapitalının inkişafı baxımından faydalanmalıdır. Bu halda siyasi dialoq real iqtisadi nəticələrə çevrilə və ikitərəfli tərəfdaşlıq ölkənin qeyri-neft sektorunun inkişafında mühüm rol oynaya bilər.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31