Moskva Ermənistanda Paşinyana qarşı yeni siyasi elita formalaşdırmağa çalışır-Politoloq- ÖZƏL

Moskvada "Vahid Rusiya" partiyasının təşəbbüsü ilə keçirilən "Millətlərin azadlığı uğrunda" forumunda Ermənistanın parlamentdənkənar müxalifət nümayəndələri Paşinyan hakimiyyətini tənqid ediblər. Rusiyanın Ermənistanda yeni müxalifət liderləri axtardığı və bu yolla siyasi təsirini artırmağa çalışdığı ehtimal olunur.

Mövzu ilə bağlı politoloq Elşən Manafov Olaylar.az-a açıqlama verib:

" Bu ilin iyununda Ermənistanda parlamentə keçirilən seçkilərdə Rusiyanın hibrid müdaxiləsinə, habelə seçkilərə təsir etmək üçün müraciət etdiyi digər siyasi və ideoloji təzyiq vasitələrinə baxmayaraq, Paşinyanın seçkilərdə əldə etdiyi qələbədən sonra rəsmi Moskva Ermənistanla münasibətlərdə yeni güc mərkəzlərinin formalaşdırılması və onların üzərindən Paşinyana təzyiq mexanizmlərinin işlək vəziyyətə gətirilməsi ssenariləri üzərində işləmir. Əksinə, hakim siyasi komandanın tərkibində çat yarada biləcək layihələr barədə düşünür və rəsmi İrəvanla münasibətlərdə "yumşaq güc"ün tətbiqini daha məqsədəuyğun hesab edir.
Rusiyanı Ermənistanda ənənəvi müxalifətin tərkibindən yeni müxalifət komandasını formalaşdırmaq fikrindən hələlik bir sıra amillər çəkindirir:
1.Ənənəvi müxalifətin Paşinyanla mübarizəsində etiraz elektoratının tərkibində ciddi dəyişikliklərin baş verməməsi, Rusiyadan maliyyə dəstəyi almasına baxmayaraq, öz sosial bazasını genişləndirə bilməməsi, xüsusilə gənclərin ənənəvi müxalifətə dəstəyinin arzu olunan səviyyədə olmaması və müxalifətin əsasən cəmiyyətin mühafizəkar-klerikal hissəsi tərəfindən dəstəklənməsi.
2.Paşinyanın "Real Ermənistan" layihəsinə cəmiyyətin geniş təbəqələri tərəfindən dəstəklənə biləcək adekvat bir layihənin qarşıya qoyulmaması.
3.Ənənəvi müxalifətin bir sıra liderlərinin (sabiq prezident Robert Köçəryan, iş adamı və milyarder Samvel Karapetyan və digərlərinin) korrupsiya, vəzifə səlahiyyətlərindən sui-istifadə, vergilərdən yayınma və s. ittihamlarla həbs olunmaları, nəticə etibarilə ənənəvi müxalifətin lidersiz və başsız qalması, habelə bu amilin Rusiyayönümlü müxalifətin mübarizəsinə təsiri və s.
Bu amillərdən çıxış edərək, Moskva rəsmi İrəvanın Qərbə inteqrasiya kursunu Ermənistana "yumşaq güc" tətbiq etməklə ləngitməyə çalışır. Rusiya Ermənistan üçün bu inteqrasiyanın yaxın perspektivdə sosial-iqtisadi kontekstdə doğura biləcəyi ziddiyyətləri qabartmağa daha böyük önəm verir. Paşinyanın kadr islahatları nəticəsində hakimiyyətdən uzaqlaşdırılmış sabiq nazirlər və bir sıra irirütbəli məmurlarla hazırda Rusiyanın xüsusi xidmət orqanları əməkdaşlıq etməyə çalışır. Moskva Ermənistandakı təsir və kəşfiyyat şəbəkəsi vasitəsilə Qərbyönümlü iqtidarın daxilindən yeni əks-siyasi elitanın formalaşmasına nail olmağa çalışır".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31