Elektrikləşmədə yeni hədəf: Türkiyənin təşəbbüsünə 75 ölkədən dəstək- ÖZƏL

Türkiyənin COP31 çərçivəsində irəli sürdüyü qlobal elektrikləşməni 2035-ci ilədək 35 faizə çatdırmaq təşəbbüsünə 75 ölkə dəstək verib. "35×35" adlandırılan öhdəliyə Avropa Komissiyası da daxil olmaqla, 94 təşkilat da qoşulub. Təşəbbüs qlobal son enerji istehlakında elektrik enerjisinin payını hazırkı 22 faizdən 35 faizə yüksəltməyi hədəfləyir.

Türkiyənin COP31 çərçivəsində irəli sürdüyü və 75 ölkənin dəstəklədiyi "35×35" təşəbbüsünü qlobal enerji siyasəti baxımından necə qiymətləndirirsiniz? Bu təşəbbüs Türkiyənin beynəlxalq iqlim diplomatiyasındakı mövqeyinə necə təsir göstərə bilər?
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli Olaylar.az-a açıqlama verib:

" Türkiyənin irəli sürdüyü "35×35" təşəbbüsü qlobal enerji siyasətində mühüm istiqamət dəyişikliyinə hesablanıb. Çünki bu gün dünya iqtisadiyyatında neft və qazdan asılılıq yalnız enerji istehsalı ilə deyil, nəqliyyat, sənaye, kənd təsərrüfatı və məişət sektorları ilə də bağlıdır. Elektrik enerjisinin son enerji istehlakında payının 2035-ci ilədək 22 faizdən 35 faizə çatdırılması isə həmin sahələrdə ənənəvi yanacaqdan elektrik enerjisinə keçidin sürətləndirilməsi deməkdir. Təşəbbüsə 75 ölkənin və 94 təşkilatın dəstək verməsi Türkiyənin bu məsələdə beynəlxalq gündəmi formalaşdırmaq imkanlarını artırır.
Türkiyə baxımından bu təşəbbüsün siyasi və iqtisadi əhəmiyyəti kifayət qədər böyükdür. Ankara özünü yalnız enerji tranzit ölkəsi kimi deyil, həm də qlobal enerji keçidinin təşəbbüskarlarından biri kimi təqdim etməyə çalışır. Bu, Türkiyənin beynəlxalq iqlim diplomatiyasındakı mövqeyini gücləndirə, Avropa İttifaqı və digər aparıcı iqtisadi mərkəzlərlə enerji sahəsində əməkdaşlığına yeni imkanlar aça bilər. Xüsusilə 75 ölkənin dəstəyi göstərir ki, Türkiyə müxtəlif iqtisadi və siyasi maraqlara malik dövlətləri ortaq enerji məqsədi ətrafında birləşdirə bilib. Lakin təşəbbüsün diplomatik uğurunun real iqtisadi nəticələrə çevrilməsi onun icrasından asılı olacaq.
2035-ci ilədək elektrik enerjisinin qlobal istehlakda payını 35 faizə çatdırmaq hədəfi kifayət qədər iddialıdır, amma qeyri-real deyil. Bunun üçün elektrik avtomobillərinin, elektriklə işləyən istilik sistemlərinin, sənayedə elektrik texnologiyalarının və digər müasir həllərin tətbiqi genişlənməlidir. Eyni zamanda, elektrik şəbəkələri gücləndirilməli, enerji saxlama sistemlərinə böyük investisiyalar yatırılmalı və bərpaolunan enerji istehsalı artırılmalıdır. Əks halda, elektrik enerjisinə tələbat artacaq, lakin bu tələbatı ödəmək üçün yenə də kömür və qazdan istifadə olunacaq. Belə olan halda elektrikləşmə baş versə də, iqlim məqsədlərinə nail olmaq çətinləşəcək.
Bu proses uzunmüddətli perspektivdə beynəlxalq enerji münasibətlərinə də ciddi təsir göstərə bilər. Elektrikli avtomobillərin yayılması neftə olan tələbatın nəqliyyat sektorunda azalmasına, istilik sistemlərinin elektrikləşdirilməsi isə qaz istehlakının müəyyən hissəsinin əvəzlənməsinə səbəb ola bilər. Bununla yanaşı, enerji bazarında litium, mis, nikel və digər kritik mineralların, batareya texnologiyalarının və elektrik avadanlıqlarının əhəmiyyəti artacaq. Yəni dünya enerji bazarında rəqabət tədricən neft və qaz resurslarına nəzarətdən texnologiya, elektrik infrastrukturu və enerji saxlama imkanlarına nəzarətə doğru genişlənəcək.
Ancaq burada mühüm bir məqam var: elektrikləşmə ənənəvi enerji resurslarından asılılığın tam aradan qalxması demək deyil. Neft və qaz uzun müddət dünya iqtisadiyyatında öz əhəmiyyətini qoruyacaq. Xüsusilə ağır sənaye, aviasiya, gəmiçilik və neft-kimya kimi sahələrdə alternativlərin tətbiqi daha mürəkkəbdir. Buna görə də "35×35" təşəbbüsünün nəticəsi yalnız elektrik enerjisinin payının artırılması ilə deyil, həmin enerjinin hansı mənbələrdən istehsal olunması ilə ölçülməlidir.
Məncə, bu təşəbbüsün əsas əhəmiyyəti dünyanın enerji gələcəyi ilə bağlı müzakirələri konkret və ölçülə bilən hədəfə yönəltməsidir. Lakin 75 ölkənin siyasi dəstəyi hələ 75 ölkənin real maliyyə və texnoloji öhdəlik götürməsi demək deyil. Əsas məsələ bu dəstəyin investisiyalara, yeni elektrik stansiyalarına, şəbəkələrə və istehsal texnologiyalarına çevrilməsidir. Əks halda, "35×35" də çoxsaylı beynəlxalq iqlim təşəbbüsləri kimi kağız üzərində qalan hədəfə çevrilə bilər".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31