Bakı İrəvandan 200-dən çox kütləvi məzarlığın yerini gözləyir: Ermənistan bu addımı atacaqmı? – ÖZƏL
15:51 SiyasətƏli Mustafa: "Paşinyan kütləvi məzarlıqların yerini açıqlamaqla həm etimad yarada, həm də rəqiblərindən qurtula bilər"
Azərbaycan Prezidentinin köməkçisi- Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın Ermənistandan 200-dən çox kütləvi məzarlığın yerinin açıqlanmasını gözlədiyini bildirib.
Sizcə, Ermənistan bu məlumatları təqdim etməkdə maraqlı olacaqmı? Kütləvi məzarlıqların yerlərinin müəyyənləşdirilməsi və həqiqətlərin üzə çıxarılması Azərbaycan-Ermənistan münasibətlərində hansı siyasi və hüquqi əhəmiyyət daşıyır?
Siyasi şərhçi Əli Mustafa Olaylar.az-a açıqlamasında bildirib ki, Ermənistan 30 illik işğal dövründə Azərbaycan ərazilərində çoxsaylı cinayətlər törədib. Bu cinayətlərin bir çoxunun hədəfində bizim insanlarımız, vətəndaşlarımız olub. Onların əhəmiyyətli bir hissəsi kütləvi məzarlıqlarda dəfn edilib. Bu yerlərin harada olduğunu, heç şübhəsiz ki, Ermənistan hökuməti bilir. Məlumdur ki, Paşinyan həmin dövrdə hakimiyyətdə olmayıb və onun hökumətinin bu cinayətlərə görə birbaşa məsuliyyəti yoxdur. Lakin Ermənistan dövlətinin məsuliyyəti var. Hər bir dövlətdə müəyyən prinsiplər mövcuddur. Paşinyan hökuməti Ermənistanın beynəlxalq aləmdə nüfuzunun və törədilmiş əməllərə görə mövqeyinin zəifləməsinə baxmayaraq, düşünürəm ki, bu məsələlərdə Azərbaycana yardım etməlidir.
Ekspert qeyd edib ki, həmin cinayətləri törədən şəxslər, yəni Rusiyayönümlü müxalifət nümayəndələri - Köçəryan, Sarkisyan nəzərdə tutulur. Paşinyan onların cinayət əməllərinin izlərini ortaya qoymaqla həm qonşusuna qarşı vicdanlı və dürüst yanaşma nümayiş etdirə, qonşuluq münasibətlərinin normallaşmasına səmimi yanaşdığını göstərə, həm də öz siyasi rəqiblərindən, cinayətkar qüvvələrdən qurtula bilər. Eyni zamanda, bu məsələdə Ermənistan xalqının da müəyyən mənada mənəvi borcu və etiraf etməli olduğu həqiqətlər var. Bütün bunlar əslində iki xalq arasında etimad mühitinə də təsir göstərə bilər. Hər halda, Azərbaycan rəsmilərinin bu istiqamətdə belə bir mövqedən çıxış etməsi, yəqin ki, təsadüfi deyil. Ola bilsin ki, müəyyən danışıqlar aparılıb. Hətta belə danışıqlar olmasa belə, istənilən halda Ermənistan hökuməti həm minalanmış ərazilərin xəritələrini təqdim etməli, həm də kütləvi məzarlıqların yerlərini göstərməlidir. Tərəf törədilmiş cinayətləri müəyyən formada etiraf etməlidir. Əslində, bu cinayətlərin törədildiyini sübut etməyə ehtiyac belə yoxdur. Biz bilirik, bütün dünya bilir ki, Ermənistan Azərbaycanın ərazilərinin 20 faizini işğal altında saxlayıb, burada kəndləri və şəhərləri viran qoyub, insanları öldürüb, qətlə yetirib. Ermənistan bu addımları atmasa belə, biz gec-tez bütün həqiqətləri müəyyənləşdirəcək, cinayətlərin izlərini aşkar edəcəyik. Ola bilsin ki, bu proses bir qədər uzun çəksin, lakin nəticədə həqiqətlər üzə çıxacaq. Ancaq Ermənistan bunları özü etsə, bir daha qeyd edirəm ki, bu, gələcək birgə yaşayışımıza müsbət təsir göstərə bilər. Çünki cinayətlərin etiraf edilməsi hər bir halda həmin cinayətlərə görə məsuliyyət yükünü müəyyən mənada azaldır.
"Hər halda, düşünürəm ki, Paşinyan bu addımları atmalıdır. Məşhur bir ifadə var: "Qisas qiyamətə qalmaz". Bütün hallarda bu cinayətləri törədən şəxslər gec-tez öz cəzalarına çatmalıdırlar və çatacaqlar da. Lakin bu nə qədər tez baş verərsə, bir o qədər yaxşıdır. Düşünürəm ki, bu, Paşinyanın özü üçün də müsbət addım olar", - deyə Ə. Mustafa vurğulayıb.
Səidə Ramazanova