Kütləvi məzarlıqlar məsələsi sülh prosesində yeni müzakirə mövzusu ola bilər- ÖZƏL
16:42 SiyasətAzərbaycan Prezidentinin köməkçisi- Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın Ermənistandan 200-dən çox kütləvi məzarlığın yerinin açıqlanmasını gözlədiyini bildirib.
Kütləvi məzarlıqların yerlərinin müəyyənləşdirilməsi və həqiqətlərin üzə çıxarılması Azərbaycan-Ermənistan münasibətlərində hansı siyasi və hüquqi əhəmiyyət daşıyır? Bu məsələnin beynəlxalq müstəvidə gündəmə gətirilməsi hansı nəticələrə səbəb ola bilər?
Mövzu ilə bağlı siyasi şərhçi Elmir Səftərov Olaylar.az-a açıqlama verib:
" İtkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi bu gün xüsusi əhəmiyyət daşıyır. Çünki hazırda Azərbaycan və Ermənistan arasında sülh danışıqları, normallaşma, ölkələrarası əməkdaşlıq və regional əlaqələrin bərpası istiqamətində proseslər davam edir. Bu baxımdan ölkələr arasında qarşılıqlı etimadın formalaşdırılması vacibdir. Ermənistan bu prosesə formal addımlarla deyil, real və səmimi təşəbbüslərlə töhfə verməlidir.
Birinci Qarabağ müharibəsindən sonra Ermənistanın işğalı nəticəsində itkin düşmüş və taleyi bu günədək məlum olmayan minlərlə azərbaycanlının məsələsi hələ də öz həllini tapmayıb. Çünki Ermənistan bu şəxslərin taleyinin müəyyənləşdirilməsinə imkan verə biləcək dəqiq məlumatları təqdim etməyib. Heç maraqlı da davranmayıb. Halbuki bu istiqamətdə ciddi əməkdaşlığın qurulması, birgə işçi qrupunun yaradılması, arxiv sənədlərinin araşdırılması, eləcə də kütləvi məzarlıqların yerləri və koordinatları barədə məlumatların paylaşılması mühüm nəticələr verə bilər.
Ermənistanın bu istiqamətdə real addımlar atması həm humanitar öhdəliklərin yerinə yetirilməsinə, həm də sülh prosesinin möhkəmlənməsinə və tərəflər arasında etimad mühitinin formalaşmasına xidmət edə bilər.
Qeyd etmək lazımdır ki, bu məlumatların uzun illərdir təqdim olunmaması müəyyən suallar doğurur. Mina xəritələri ilə bağlı təcrübəni də xatırlatmaq olar. Ermənistan müxtəlif razılaşmalar çərçivəsində Azərbaycana mina xəritələri təqdim etsə də, sonradan həmin xəritələrin böyük hissəsinin qeyri-dəqiq olduğu məlum oldu. Bu təcrübə itkin düşmüş şəxslərlə bağlı məlumatların təqdim edilməsinə münasibətdə də ciddi narahatlıqlar yaradır.
Ermənistan itkin düşmüş şəxslərlə bağlı məsələdə də sanki ehtiyatlı davranmağa çalışır. Çünki məzarlıqların yerləri, arxiv məlumatları və digər faktlar açıqlanarsa, bunun Ermənistanın tarixi məsuliyyətini gündəmə gətirəcəyini düşünür. Halbuki məlumatların gizlədilməsi bu məsuliyyəti aradan qaldırmır. Hər bir halda Azərbaycanın itkin düşmüş vətəndaşları ilə bağlı məsuliyyət birbaşa Ermənistanın keçmiş hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Bu məsələ cəzasızlıq mühitinin aradan qaldırılması istiqamətində aparılan araşdırmalardan kənarda qalmamalıdır. Belə ki, tarixi və hüquqi məsuliyyətin müəyyənləşdirilməsi prosesinin mühüm tərkib hissəsi olmalıdır".
Zeynəb Mustafazadə